Ağ Evdə ABŞ-la razılaşmanın əleyhinə çıxan və sərt mövqe tutan İran rəhbərliyinin yüksək vəzifəli nümayəndələrini hədəf almaq məqsədilə ölkəyə qarşı hərbi zərbələrin yenidən bərpa edilməsi ehtimalı müzakirə olunur.

Azpost.info bildirir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Bu təşəbbüsün tərəfdarları hesab edirlər ki, İran rəhbərliyinə qarşı əməliyyat Donald Trampa müharibəni başa çatdırmağa kömək edə və hakimiyyətdə qalan digər şəxslərə ABŞ-ın ölkə rəhbərliyinin ən yüksək eşelonuna zərbə endirmək imkanında olduğunu nümayiş etdirə bilər.

Planın əleyhdarları isə xəbərdarlıq edirlər ki, belə addımlar hakimiyyətdə qalacaq şəxslərin mövqeyini daha da sərtləşdirə və gələcək danışıqlarda Vaşinqtona olan etimadı sarsıda bilər. Bəzi ABŞ hərbçiləri də İran rəhbərliyinin nümayəndələrinin aradan götürülməsinin amerikalı rəsmilər üçün təhlükəni artıracağından ehtiyat edirlər.

Tramp hələlik bundan sonrakı addımlarla bağlı yekun qərar verməyib. O, genişmiqyaslı hərbi əməliyyatın bərpası da daxil olmaqla, bir neçə variantı nəzərdən keçirir.

İran rəhbərliyinin yüksək vəzifəli nümayəndələrinə zərbələr endirilməsi təklifi uzun müddətdir ABŞ prezidentinə təqdim olunan variantlar arasındadır. Lakin son həftələrdə bu ssenari yenidən diqqət mərkəzinə düşüb.

Mənbələrdən biri bildirib: “ABŞ Hörmüz boğazına nəzarət etməsi və İran iqtisadiyyatının çökməsi sayəsində çox güclü mövqedədir. Prezident Trampın qarşısında çoxsaylı fəaliyyət variantları var. O, İranın heç vaxt nüvə silahına sahib ola bilməməsini təmin etmək üçün ən düzgün qərarı verəcək”.

Tramp İranın infrastrukturu və hərbi obyektlərinə zərbələr endirilməsini nəzərdə tutan genişmiqyaslı hərbi əməliyyatın bərpası ehtimalını da nəzərdən keçirib. Bununla yanaşı, o, ABŞ-ın müharibədə faktiki olaraq artıq qələbə qazandığını iddia etməkdə davam edir.

N.Talıblı