Oktyabrın 19-21-də Azərbaycan Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin Türk-İslam dünyasının məram və amallarına xidmət edən görüşlərinə və mənəvi birliyinin təşkilati baxımdan gerçəkləşmə tədbirlərinə ev sahibliyi edəcək. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi məramı ilə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev Azərbaycanda bir araya gələcəklər.
Qafqaz Müsəlmanları İdarəsindən verilən xəbərə görə, Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin daha öncə İstanbulda və Türküstanda görüşlərinin ardınca Bakıda üçüncü görüşü oktyabrın 19-da Gülüstan Sarayında baş tutacaq. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin xeyir-duası və müsəlman dini liderlərinin yekdil rəyi ilə ərsəyə gələn Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi oktyabrın 20-də Türk dünyasının Mədəniyyət paytaxtı Şuşada imzalanacaq, Birgə Bəyanat qəbul ediləcək. Dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.
Oktyabrın 21-də Gülüstan Sarayında Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri və elm adamları “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda beynəlxalq konfransda bir araya gələcəklər. Türk coğrafiyasının tanınmış elm və din xadimlərinin iştirak etdiyi konfransda Türk-İslam sivilizasiyasının perspektivlərinə və dünyada sülh və təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparılacaq, qardaş xalqlarımızın və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən addımlar müzakirə olunacaqdır. Həmin gün dini liderlər Heydər məscidində Cümə namazı qılacaqlar.
Tədbirlərdə TDT-yə üzv ölkələrin nümayəndə heyətləri, elm, din, siyasi və ictimai xadimləri iştirak edəcəklər.