Türk Xəbər Agentlikləri Alyansının (ATNA) loqosu təsdiqlənib.
Bu barədə təşkilatın katibliyindən məlumat verilib. Alyansın üzvü olan 5 agentlik – Anadolu (Türkiyə), AZƏRTAC (Azərbaycan), Kabar (Qırğız Respublikası), Qazkontent (Qazaxıstan) və UzA (Özbəkistan) arasında keçirilən müsabiqədə Kabar agentliyinin təqdim etdiyi loqo layihəsi səsvermənin nəticələrinə görə birinci olub.
ATNA 2023-cü il noyabrın 6-da İstanbulda keçirilən Baş Assambleyada yaradılıb. Alyansın məqsədi türk xəbər agentlikləri arasında əməkdaşlığı gücləndirmək, operativ informasiya mübadiləsi həyata keçirmək, feyk xəbərlərlə birgə mübarizə aparmaq, təlimlər keçirmək, təşkilatın dünya informasiya məkanına inteqrasiyasını təmin etməkdir.
Təşkilatın İcraiyyə Komitəsinin ilk iclası 2024-cü il iyulun 21-də Şuşada keçirilib. Toplantıda Anadolu Agentliyi, AZƏRTAC, Kabar, Qazkontent və UzA agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. İclasda Macarıstanın MTİ agentliyinin Alyansa müşahidəçi qismində qəbul edilməsi məsələsinə baxılaraq gələn il keçiriləcək Baş Assambleyada səsverməyə çıxarılması qərara alınıb(azərtac).