“Azərbaycanfilm” kinostudiyasının çəkdiyi “Nizami” filmində məşhur türk aktrisası Türkan Şorayın iştirakı üçün onunla danışıqlar aparılıb.
Azpost.info bildirir ki, bu barədə İTV-də müəllif proqramının aparıcısı Müsəllim Həsənov bildirib.
Onun sözlərinə görə, filmin rejissoru Eldar Quliyev Türkan Şorayı “Nizami” filmində Afaq roluna çəkmək istəyib.
SSRİ-nin kino üzrə məsul şəxsləri bu təklifə etiraz etməyiblər.
Hətta aktrisanın və onun köməkçilərinin Bakıya səfərinin maliyyələşdirilməsi məsələsi müzakirə olunub.
Amma “Sofinfilm”in direktoru Surikovun imzaladığı teleqram bu məsələni yarımçıq qoyub. Moskvadan gələn teleqramda bildirilib ki, Türkan Şorayın çəkilişlərdə iştirakı mümkün olmur.

Qeyd edək ki, 1982-ci ildə çəkilmiş filmdə baş rolu korifey sənətkarımız Müslüm Maqomayev oynayıb. Afaq roluna Həmidə Ömərova çəkilib.
“Nizami” filmi iki dildə – azərbaycan və rus dillərində montaj edilib. Nizami rolunun ifaçısı Müslüm Maqomayevi azərbaycan dilində Rasim Balayev, rus dilində isə Vyaçeslav Tixonov səsləndirib.
1983-cü ildə Leninqradda XVI Ümumittifaq kinofestivalında filmə görə rejissor Eldar Quliyev mükafat alıb. 1984-cü ildə Daşkənddə Asiya, Afrika və Latın Amerikası ölkələrinin Beynəlxalq kinofestivalının diplomuna layiq görülüb.
Azpost.info

