Ukrayna təhlükəli yola girir: pul çap etməli olacaq- “The Wall Street Journal”

ABŞ və Aİ yaxın aylarda Kiyevə maliyyə yardımı göstərməsələr, Ukrayna ağrılı iqtisadi tədbirlər görməli və “çap maşınını” işlətməli olacaq.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna rəsmiləri və iqtisadçıları “The Wall Street Journal”a bildiriblər.

2024-cü ildə Ukraynanın büdcə kəsiri 40 milyard dollara çatacaq. Ölkə hökuməti bu məbləğin böyük hissəsini – 30 milyard dolları müttəfiqlərinin köməyi ilə ödəyəcəyini gözləyir.

Kiyev Aİ-dən 18 milyard dollar, ABŞ-dan 8,5 milyard dollar, BVF-dən isə 5,4 milyard dollar almağı gözləyir. Qalan məbləğ Böyük Britaniya və inkişaf bankları tərəfindən təmin edilməlidir. Amma indiyədək Vaşinqton və Brüssel Ukraynaya müvafiq olaraq 61,4 milyard dollar və 50 milyard avro dəyərində maliyyə yardımı barədə razılığa gələ bilməyib.

“Eyni zamanda, Kiyevə hökumətin işini davam etdirmək, maaşları, pensiyaları və subsidiyaları ödəmək üçün artıq vəsait lazımdır. Ukrayna hakimiyyəti maaşları gecikdirməklə və ya daha çox kredit götürməklə bir neçə ay səbr edə bilər. Lakin bundan sonra kəsiri ödəmək üçün pul çap etmək lazım gələcək”, – nəşr qeyd edir.

2024-cü ilin ilk ayları üçün Kiyev BVF tərəfindən verilən 2 milyard dollara sahib olmalıdır. Sosial siyasət naziri Oksana Jolnoviç dekabrda bildirib ki, Qərbdən vəsait gəlməsə, hökumət martın 1-nə planlaşdırılan pensiyaların indeksasiyasını ləğv etməyi düşünür.

“Qərbin maliyyə dəstəyi olmadan Ukrayna iqtisadiyyatı “sağ qalma” rejiminə qayıdacaq”, – ölkənin iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib. Onun hesablamalarına görə, xarici yardım olmadan Kiyev 500 min dövlət qulluqçusu və 1,4 milyon müəllimin maaşının, həmçinin 10 milyon pensiyaçının pensiyasının ödənilməsini gecikdirməli olacaq.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan-İngiltərə oyunu bu stadionda keçiriləcək

Sonrakı məqalə

Şuşada İslam Dünyasının Mədəniyyət Forumu təşkil ediləcək