Üzüm bağlarına oktyabrda necə qulluq edilməlidir? –Bağbanın səhvi məhsula zərər vura bilər

“Rosselxoztsentr”in aqronomu Tatyana Dzyuba bildirib ki, payızın isti keçməsi üzümün böyüməsini uzada və göbələk xəstəlikləri riskini artıra bilər. Buna görə də oktyabr ayında üzüm tənəklərinə xüsusi qulluq göstərilməlidir.

Mütəxəssisin sözlərinə görə, hazırda suvarmanı azaltmaq, zərurət yarandıqda isə fosfor və kalium tərkibli gübrələr vermək lazımdır. Azot gübrələrindən isə tamamilə imtina edilməlidir. Çünki azot yaşıl kütlənin böyüməsini sürətləndirir və tənəyin soyuq havaya hazırlaşmasına mane olur.

Dzyuba izah edib ki, tənəyin yetişməmiş yaşıl ucları da kəsilməlidir. Bu aqrotexniki tədbirin məqsədi kolun enerjisini yeni zoğların böyüməsinə deyil, oduncağın yetişməsinə yönəltməkdir.

Aqronom xəbərdarlıq edib ki, havanın rütubətli, temperaturun isə +15 dərəcədən yüksək olduğu şəraitdə göbələk xəstəliklərinin inkişafı üçün əlverişli mühit yaranır. Ən təhlükəli xəstəliklər arasında boz çürümə, yalançı unlu şeh, oidium və antraknoz var.

Buna görə də üzüm plantasiyalarına müntəzəm baxış keçirilməli, yoluxma ocaqları aşkar edildikdə isə müvafiq müalicə tədbirləri görülməlidir.

Dzyuba üzüm üçün təhlükəli zərərvericilər sırasında mənənələri, üzüm yarpaqbükənini, gənələri və arıları da qeyd edib.

Məhsul yığıldıqdan sonra tökülmüş yarpaqların sahədən təmizlənməsi və profilaktik dərmanlama aparılması tövsiyə olunur. Bu tədbirlər zərərvericilərin və xəstəlik törədicilərinin qışlaması riskini azaltmağa kömək edir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.