Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov “Siyasi partiyalar haqqında” yeni hazırlanmış qanun layihəsinin əleyhinə çıxıb.
Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində çıxış edən İlqar Məmmədovun fikrincə, bu layihənin müəllifləri Azərbaycanda siyasətin partiyalardan kənarda həyata keçirilməsini istəyir: “Burada reyestr məsələsi var. MSK zəhmət çəksin səsləri düz hesablasın, biz də bilək ki, hansı partiyanın nə qədər dəstəkçisi var. Siz partiyanın işini niyə konspektləşdirirsiniz? Bu, Azərbaycan dövlətçiliyinə, geosiyasi reallığa yaraşmır. Aşırı tənzimləmə qanunun başlıca konseptual çərçivəsidir. Başqa ölkələrdə partiyalar rəqibinin sosial tərkibini öyrənmək üçün böyük pul xərcləyir. Biz də isə deyirlər ki, üzvlərinin hamısının adını bizə verin. Siz istəyirsiniz ki, biz sizə üzvlərimizlə bağlı məlumatları verək, siz də bizi seçkidə rahat udasınız. Hüquqi məsələlərə də baxılmalıdır. 2000 üzvü olan partiyalar var ki, bu gün parlamentdə təmsil olunur. Partiyaların əzəldən iki tipi var: Fraksiya partiyası və kütləvi partiya. Bu qanun layihəsində təklif olunan model hamını kütləvi partiya etməkdir. Partiyaların fəlsəfi mənası isə siyasi spektri təmsil etməkdir. Partiyaların hüquqi vəziyyəti seçkidəki performansına bağlı olmalıdır. Biz ölkənin siyasi partiya sistemini yüksək səviyyəyə qaldırmalıyıq”. (APA)