Vətən Müharibəsinin “mənəvi səngəri”

Azərbaycan qalibiyyətli Vətən Müharibəsinin bir ilini qeyd etdi. 27 sentyabr 2020-ci ildə ordumuzun əks-həmləsi ilə başlanan 44 günlük bu müharibə bütün xalqı vahid məqsəd uğrunda birləşdirdi.

Hər kəs öz “səngərində” gücü çatdığı, əli yetdiyi işi görməklə ordumuza dəstək verməyə çalışır, Vətən müharibəsinin şanlı tarixində öz izini qoymağa can atırdı. Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşmiş on minlərlə könüllünü, cəbhəyə yardım daşıyan minlərlə vətəndaşı, düşməni məhv etmək üçün ön xəttə can atan əsgəri, xalqı öz şeirləri ilə ruhlandıran şairi yalnız bir amal birləşdirmişdi –Düşmənin başı əzilməli, torpaqlarımız işğaldan azad olunmalıdır!

Bütün bunların fonunda ordumuza mənəvi güc verən, onu inam və etiqadı ilə dəstəkləyən, qələbəmiz üçün dua edən və əziz Şəhidlərimizin tabutları önündə göz yaşı ilə duran din xadimlərimiz də Vətən Müharibəsinin ağlı-qaralı portretinin unudulmaz çaları oldular.

Müharibənin ilk günündən bütün din xadimlərini, konfessiya rəhbərlərini, icma nümayəndlərini bir yumruq kimi birləşdirən Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın apardığı ədalətli müharibənin mənəvi simvolu oldu. “Vətəni sevmək imandandır” müqəddəs kəlamını bayraq kimi yüksəldənlər üçün “Şəhidlərə ölü deməyin!” kəlamı ilə dəstək verən QMİ o günlərdə çox ağır və uca missiyanın –Şəhid dəfnlərinin təşklini öz üzərinə götürmüşdü.

Vətən Müharibəsinin ilk günündən etibarən QMİ həlak olan Şəhidlərin dəfn və anım mərasimlərinin onların məqamına layiq şəkildə təşkili üçün əlindən gələni edib. Din xadimlərinin fəaliyyətinin koordinasiyası üçün yaradılmış xüsusi Komissiya ağır və kədərli mərasimin idarə olunmasının yükünü daşıdı. Müharibənin qaçılmaz hökmünü göz yaşları qəbul edən din xadimlərimiz Şəhidlərimizin üçrəngli bayrağa bükülmüş tabutlarını göz yaşları ilə oxşayırdılar.

QMİ-nin cəbhə bölgələrində yaratdığı koordinasiya mərkəzlərində əziz Şəhidlərimizin nəşinin son mənzilə yola salınması üçün zəruri işlər görüldü. Beyləqan və Füzulini əhatə edən Mərkəzdə 1918 Şəhidin, Bərdə rayonunda yerləşən Mərkəzdə 430 Şəhidin, Tərtərdəki mərkəzdə 77 şəhidin, Gəncədəki Mərkəz tərəfindən 233 Şəhidin, Ağcabədi rayonundakı Mərkəz tərəfindən 40 şəhidin, Bakıda “Əjdərbəy” məscidində yerləşən Mərkəz tərəfindən 76 Şəhidin dəfni həyata keçirildi.

Şəhid dəfnlərini onlara layiq hörmət və izzətlə aparan ruhanilərin öz borclarını ləyaqətlə yerinə yetirdiklərini demək olar. Bu xidmət  hərbi komandanlığın diqqətdən qaçmadı. Bir çox din xadimləri fəxri fərmanlarla təltif olundular.

2021- ci il aprelin 7-də Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycanın dini icmaları 44 günlük müharibədən sonra azad edilmiş torpaqlarla səfər etdilər. Müsəlman, xristian, katolik, yəhudi, alban icmalarının dini rəhbərlərinin azad edilmiş Ağdamda birağızdan Qarabağın Azərbaycan torpağı olmasını bəyan etməsi tarix üçün öz izini qoyan məqam sayıla bilər.

Ağdam səfəri Azərbaycanın dini və məzhəb həmrəylinin, tolerantlıq və mədəniyyətlərarası dialoq siyasətinin nümayişinə çevrildi.

 

Şeyxülislamın və ölkədəki dini icma rəhbərlərinin iyul ayında Şuşaya səfəri yaddaqalan hadisə oldu. İslam, xristian, yəhudi, alban məbədlərini təmsil edən ruhani atalar Şuşadan verdikləri bəyanatlarında Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu bəyan etdilər. QMİ sədri 44 günlük müharibədə qələbənin qazanılmasında dini vəhdətin rolunu xüsusi vurğuladı.

Şuşada Gövhər ağa məscidində qılınan namazda birgə dua edən dini icmalar dünyaya ölkəmizdəki etiqad qardaşlığının gözəl tablosunu nümayiş etdirdilər.

“Təzəpir” məscidində 27 sentyabr – Anım Günü ilə bağlı keçirilən mərasimdə Şeyxülislam Allahşükür Paşazadənin imamlığı ilə namaz qılındı, şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi. Eyni vaxtda Ağdam və Şuşa məscidlərində də azan sədası yüksəldi.

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə Erməni Apostol Kilsəsinin rəhbəri, katolikos Qareginin görüşü  44 günlük müharibədən sonra dini rəhbərlərin ilk təması idi.

Rusiya Patriarxı Kirillin vasitəçiliyi ilə baş tutan bu 3 tərəfli görüşdə katolikos Qaregin Azərbaycanın haqlı tələbləri qarşısında susmağa üstünlük verdi və Qarabağda məğlubiyyətlə barışmağa məcbur oldu.

Cənubi Qafqazda sülhün və sabitiliyin təmin olunmasında, dialoq çağırışlarının ardıcıllığında Qafqaz Müsəlmanları İdarəsinin məsul rolu bir daha etiraf olundu.

Oktyabrda QMİ sədri ilə Türkiyənin Diyanət işləri başqanı Ali Erbaşın rəhbərlik etdiyi nümayəndə heyətinin Füzuliyə və Şuşaya səfəri bu baxımdan iki qardaş ölkənin dini rəhbərlərinin vəhdət mesajı kimi yaddaşlarda qaldı. Şuşada verilən bəyanat Azərbaycan-Türkiyə dini rəhbərlərinin sülhə çağırış mesajı olmaqla yanaşı göstərdi ki, iki qardaş dövlət olaraq xoş və çətin günlərdə daim bir-birinin yanında olublar.

Azərbaycan üçün əhəmiyyət daşıyan məsələ ictimai rəyin doğru yönəldilməsi idi. Bu baxımdan A.Paşazadənin beynəlxalq platformada fəaliyyəti, müxtəlif dinlərin  rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında öz töhfələrini verdi.

Əfqan Əsədbəyli

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Korrupsiya faktına görə 65 hakim cəzalandırılıb, 1 nəfər həbs edilib –

Sonrakı məqalə

Ölkədə yaşa görə aylıq müavinət alanların 85 faizi qadınlardır