“Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılması ilə bağlı ABŞ-da araşdırma davam edir. Amma böyük ehtimalla, bu, erməni diaspor təşkilatlarının, terrora meylli erməni təşkilatlarının əməlidir”.
Bunu APA-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
Tofiq Zülfüqarov erməni radikal qruplarının Böyük Britaniya, Livan və Fransada diplomatik nümayəndəliklərimizə hücumlarını xatırladıb: “Ümumilikdə, diplomatik nümayəndəliklərə qarşı terror və hücum taktikasından erməni terror dəstələri istifadə edib. Bu cür təxribatlar erməni siyasi davranışına məxsusdur”.
Bu günə qədər Böyük Britaniyada, Livanda, Fransada diplomatik nümayəndəliklərimizə hücumlarla bağlı heç bir tədbir görülmədiyinə də diqqət çəkən sabiq xarici işlər naziri qeyd edib ki, baş vermiş cinayətə görə hadisənin törədildiyi ölkələr məsuliyyət daşıyır: “Azərbaycan Xarici İşlər Nazirliyi bu kimi halların qarşısının alınması, belə cinayətləri törədənlərin məsuliyyətdən kənar qalmaması, belə halların təkrarlanmaması üçün müvafiq addımlar atır. Baş vermiş hər bir insidentlə bağlı müvafiq araşdırmanın aparılması və səfirliklərimizin, eləcə də diplomatlarımızın təhlükəsizliyinin lazımı səviyyədə təmin edilməsi tələb edilir. Ümumiyyətlə, son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıması, o cümlədən Vaşinqton, Paris, Beyrut və digər şəhərlərdə səfirliklərimizə qarşı törədilən hücumlar və vandallıq aktları ciddi narahatlıq doğurur. Vyana Konvensiyasına əsasən, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir. Biz ABŞ-ın müvafiq qurumlarının Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin edəcəyini, baş vermiş cinayətdə iştirak edənlərin, səfirliyin avtomobilinə atəş açanların məsuliyyətə cəlb ediləcəyini gözəyirik”.
Tofiq Zülfüqarov Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkədə 1,5 milyona qədər insanın qaldığını xatırladıb: “Dünyanın müxtəlif ölkələrində isə 10 milyona yaxın erməni yaşayır. Dünya xəritəsində elə bir ölkə tapmaq mümkün deyil ki, ən azı 1-2 erməni olmasın. Yəni erməni xalqının mentaliteti diasporaldır. Ermənilər diqqət mərkəzində olmaq üçün həmişə özlərindən qurban obrazı yaradır, qondarma soyqırımı mövzusundan istifadə edirlər. İndi də yeni uydurma mövzu ortaya atmaq istəyirlər ki, guya hansısa təzyiqlərin, işğalın qurbanıdırlar və yeganə müdafiə imkanları terrorizmdir. Biz ermənilərin bu terrorçu xislətini 1970-ci illərdə Türkiyənin timsalında görmüşük və bu əməllər 1980-ci illərin ortalarına qədər davam edib. 60-a yaxın Türkiyə diplomatı və onların ailə üzvləri erməni terrorizminin qurbanı olub. 1990-cı illərdə isə terrorizm dalğasını Azərbaycana münasibətdə şamil ediblər, metroda, qatarda, avtobuslarda partlayışlar törədilib. Xüsusən 2020-ci ildə 44 günlük savaşda məğlubiyyətdən sonra erməni terrorizminin fəallaşması gözlənilən idi”.
Sabiq xarici işlər naziri diplomatik nümayəndəliklərin yerləşdikləri ölkələr tərəfindən qorunmalı olduğunu bir daha vurğulayıb: “Vyana Konvensiyasına əsasən, bu, həmin ölkələrin üzərinə qoyulan öhdəlikdir. Qarşılıqla olaraq Azərbaycandakı səfirliklərin təhlükəsizliyi necə qorunursa, bizim nümayəndəliklər də eyni səviyyədə qorunmalıdır. O cümlədən şəraitə uyğun olaraq təhlükə gözlənilən səfirliklərlə bağlı əlavə lazımi təhlükəsizlik tədbirləri görülməlidir. Əminəm ki, bu məsələlərin həlli üçün Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən müvafiq addımlar atılıb və atılacaq”.