Xarici rəssamlar işğaldan azad olunan ərazilərdə “Xarıbülbül” maketlərini ərsəyə gətirib

Şuşada keçiriləcək “Xarıbülbül” musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən beynəlxalq incəsənət festivalı təşkil olunub.

İlk dəfə keçirilən “Xarıbülbül” beynəlxalq incəsənət festivalında 13 ölkəni təmsil edən 32 rəssam Azərbaycanın Vətən müharibəsində əldə olunan zəfərdən ruhlanaraq unikal əsərlər ərsəyə gətirib.

Azərbaycan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Pakistan, Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanı təmsil edən Anar Yolçiyev, Anastasia Tarasenko, Andris Vitolins, Dina Oskilko, Leyla Əliyeva, Nikole Bukrejeva, Rəhiməxanım Hacıyeva, Sare Kural, Yelena Haqverdiyeva, Zöhrab Salamzadə və digər rəssamlar Ermənistanın işğalından azad olunan ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri festival üçün hazırlanan “Xarıbülbül” maketləri üzərinə köçürüb, dünyaya mühüm ismarıc verən əsərlər təqdim ediblər.

Bununla yanaşı, rəssamlar kətan üzərində yağlı boya ilə “Yaddaşın rəsmləri” mövzusunda əsərlər ərsəyə gətiriblər.

Layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən sənətkarlar vasitəsilə 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı geniş beynəlxalq auditoriyaya nümayiş etdirməkdir.

Əsərlər “Xarıbülbül” musiqi festivalı zamanı Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada sərgilənəcək.

Gözəl təbiəti və zəngin təbii sərvətləri ilə tanınan qədim bölgələrimizdən olan Qarabağda belə bir incəsənət festivalının keçirilməsi həm də mədəniyyətlərarası dialoqun zənginləşməsinə xidmət edir.

Festival iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri təşkil olunub.

Səfər çərçivəsində Zəngilanda olan rəssamlar rayon mərkəzində məscidə baş çəkiblər. Qonaqlara dini abidə, ermənilərin burada törətdiyi dağıntılar və digər vandallıqları barədə məlumat verilib.

Məscidin həyətində rəssamların əsərləri nümayiş olunub, bəzi rəssamlar isə əsərlərinin son tamamlama işlərini elə buradaca icra ediblər.

Açıq havada təşkil olunmuş sərgidə iki cür əsərlər nümayiş etdirilib – “Xarıbülbül”ün maketləri üzərində ornamentlər, rəssamların təxəyyülünün “Xarıbülbül”lə vəhdəti, rəsm əsərləri.

Daha sonra rəssamlar Qubadlıya səfər edib.

Onlar Ermənistanın işğal müddətində törətdiyi ekoloji terrorun izləri ilə tanış olublar. Rəssamlar yaşı yüz illərlə ölçülən kəsilmiş çinar, tut ağacları olan əraziyə baş çəkib, erməni vandalizminin nəticələrini gözləri ilə görüblər.

Əcnəbi rəssamlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlə bağlı təəssüratlarını bölüşüblər.

“Mən Latviyadanam. Latviyanın təbiətini yəqin ki, bilirsiniz. Burada olmaq mənim üçün bir sürprizdir. Heç vaxt burada olmamışam. Düşünürəm ki, bu regionun gələcək üçün böyük turizm potensialı var, buranın relyefi əladır, xüsusilə də hündür relyefi olmayan ərazilərdən gələn turistlər üçün. Dağlara heyran oldum”.

Bunu Azərbaycanın işğaldan azad edilmiş Zəngilan və Qubadlı rayonlarına səfər zamanı APA-nın müxbirinə açıqlamasında latviyalı rəssam Andris Vitolins deyib.

Rəssam bildirib ki, çəkdiyi əsər insan varlığı ilə bağlıdır: “İnsanların ulduzları izləməsinin vacib olduğunu düşünürəm, möhtəşəm ulduz kimi parlaq ideyalar… Şəkildə görürsünüz ki, bu, həm ulduzdur, həm də eyni zamanda qığılcımdır. Yəni yeniliyin, başlanğıcın qığılcımı…”

A. Vitolins incəsənətin cəmiyyətdə zəkanın inkişafına töhfə verdiyini, onun keyfiyyətini artırdığını vurğulayıb: “Müharibədə insanlar ilkin ehtiyaclara fokuslanır, lakin incəsənət bizi başqa önəmli şeylərə fokuslanma sövq edir, bu, bizi heyvanlardan fərqləndirir. Biz incəsənətlə insan varlığına çevrilirik, incəsənət, mədəniyyət bizi fəqləndirir”.

Artıq ikinci dəfədir ki, Azərbaycanda olduğunu deyən iordaniyalı rəssam, xanım Qadir Haddadi bir müddət öncə simpoziumla əlaqədar Bakıya səfər etdiyini deyib.

O, Qarabağa ilk dəfədir, səfər etdiyini deyib, təşkilatçılara bu festival üçün təşəkkür edirəm.

“Çox şadam ki, burdayam, bu gözəllikdən təsirləndim”, – deyə o bildirib.

Rəssam qeyd edib ki, əsərində ərəb əlifbasından hərflər Xarı Bülbülün üzərində əks olunub.

Pakistandan olan rəssam Mazher Qureyşi bu cür möhtəşəm tədbiri təşkil etdiyi üçün Heydər Əliyev Fonduna təşəkkür edib: “Mən Qarabağı çəkmək üçün burdayam. Burda baş verənlər çox kədərlidir. Qarabağ çox gözəldir. Burada hər yerin dağıdıldığına şahid oldum. Çəkdiyim əsərdə də bunu əks etdirməyə çalışmışam. Düşünürəm ki, burada baş verənlər, sadəcə, dəhşətdir, siz də görürsünüz.

Mən yalnız bir obyekti çəkmək istəmədim, bir məktəb, məscidi, ya bir evi. Mən bütövlükdə dağıntıları, məhv olmuşları çəkmək, burada gördüklərimi əks etdirmək istədim.

Düşünürəm ki, sülhə dialoq və danışıqlarla nail olmaq mümkündür, amma burada gördüklərim, bütün bu dağıntılar… Deyərdim ki, bunlar bir az fərqlidir.

Azərbaycanda çox mehriban, yaxşı insanlarla tanış oldum. Ölkəniz də gözəldir, cənnət kimidir”.

Azərbaycan ilk səfəri ilə bağlı təəssüratlarını bölüşən ukraynalı rəssam, xanım Olqa Adam Al-Rubai ölkəmizə heyran olduğunu deyib. “Azərbaycana ilk dəfədir, səfər edirəm. Bu ölkə mənim ürəyimdədir. Çox gözəl ölkəniz var, Bakı çox gözəldir. Siz burada yaşadığınız üçün çox şanslı olmalısınız, şəhəriniz çox gözəldir, çox müasirdir”.

O, çox həssas insan olduğunu, buradakı insanları, bu dağıntıları yaşayan insanların hisslərini başa düşdüyünü vurğulayıb: “Bu əsərin üzərində işləyəndə də hətta kövrəlmişdim.

Əsərimdə yalnız dörd rəngdən istifadə etmişəm. Bu rənglər ən qədim rənglərdir və qan, pul, torpaq və ölümü ifadə edir. Qədim insanlar da yalnız bu rəngləri bilirdi. Bu rənglərin kompozisiyası bir növ Azərbaycanı təmsil edir. Azərbaycan təbii sərvətlərlə zəngindir və qara neft – qızıl bir növ Azərbaycanın canı, qanıdır. Maketin üzərində çəkdiyim üzlə isə Azərbaycanın ürəyini, ruhunu ifadə etmək istəmişəm. Azərbaycan öz təbii sərvətləri ilə və gözəl ruhu, ürəyi ilə çiçəklənir, rifah ölkəsinə çevrilir.

Düşünürəm ki, insanlar sülh içində yaşamalıdır və yaşaya bilər. Bu, sadəcə, siyasətdir, siyasəti isə sadə insanlar başa düşmür, mən də həmçinin. Axı niyə insanlar müharibə istəsin, işğalçılıq istəsin? Mənim ölkəmin insanları üçün də bu məsələ ağrılıdır. Ona görə də mən sizin bu illər ərzində çəkdiyiniz ağırını çox gözəl anlayıram”.

Yunanıstanlı rəssam Aleksis deyib ki, televiziyada, xəbərlərdə, qəzetlərdə görmək oxumaq və burada olmaq tamamilə fərqlidir: “Regionda vəziyyət barədə qəzetlərdə oxumuşdum və bu gün buradayam. Bura səfər etməkdən şərəf duyuram. Öz gözlərimlə buradakı vəziyyəti gördüm. Bu mənim üçün həm də yaxşı bir təcrübədir, bu təcrübəni gələcək üçün yaddaşımda saxlayacağam”.

Rəssam çəkdiyi əsər barədə də danışıb: “Çəkdiyim əsər kitabda gördüyüm bir şəkildəndir. Bu fotoda bir məktəb əks olunub, məktəbin qarşısında uşaqlar – qızlar oynayırlar. Bu əsəri çəkdim, çünki biz dağıntılardan, xarabalıqlardan danışırıq, mənim üçün dağıntı yalnız arxitektura ilə bağlı deyil, bu həyatların xarabazarlığa çevrilməsi, dağıntılara məruz qalmasıdır. Əsərdəki anda hər kəs, uşaqlar xoşbəxtdir, lakin artıq bu xoşbəxtlik mövcud deyil. Bu, çox kədərlidir. Çünki müharibədə uşaqların dünyası dağılır. Mən dünyadakı bütün uşaqların yanındayam. Kədərlidir, çünki uşaqlar müharibəyə məruz qalmamalıdır, bu onların məsuliyyəti deyil. Bütün bunlara görə mən xatirə kimi, “Ruhlar şəkli” kimi bu əsəri çəkdim. Yəni demək istəyirəm ki, bu an, bu məqam bir zamanlar mövcud olub.

Sülh içində necə yaşamaq olar? Bu, həm çox asan, həm də çox çətin sualdır. Çünki hamımız sülh istəyirik, heç kim müharibə istəmir, heç kim günahsız insanları öldürmək istəmir, xüsusilə də uşaqları. Ona görə də dinindən, millətindən, etnik kimliyindən asılı olmayaraq mən uşaqların yanındayam.

Bəlkə də incəsənət insanlar arasında təmas yarada, onları birləşdirə bilər, amma hər bir halda bütün bunlar siyasətlə bağlıdır. Ürəkdən arzu edirəm ki, bir gün buna nail olacağıq, harmoniya və sülh içinə yaşayacağıq. Bəlkə bu gün etdiyimiz bu kiçik jestlər insanları bir araya gətirər, onları yaxınlaşdırar”.

İraqlı rəssam Said Əl-Rubai də Azərbaycana ilk dəfədir, səfər etdiyini deyib. İraqlı rəssam Azərbaycanda olduğuna görə məmnunluğunu dilə gətirib. “Çox şadam ki, Qarabağdayam. Qarabağın Azərbaycana qayıtmasına çox sevindim. Əsərim də Qarabağla bağlıdır. Əsərimdə də Azərbaycan bayrağını çəkmişəm, əsərin ən üst hissəsində. Azərbaycan bayrağı ucalığa layiqdir. Burada, həmçinin, mən ən qədim əlifba olan Şumer əlifbasından da istifadə etmişəm. Bu əlifbadan istifadə edərək Azərbaycan və Qarabağ yazmışam”.

Rəssam qeyd edib ki, incəsənətin dünyaya mesajı həm də sülhdür: “Biz də bu əsərlərimizlə dünyaya bu mesajı çatdırırıq”.

Qeyd edək ki, xarici ölkələrdən gəlmiş rəssamlar Şuşada keçiriləcək “Xarıbülbül” musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş beynəlxalq incəsənət festivalına qatılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Magistral su kəmərində qəza baş verib –

Sonrakı məqalə

Paşinyanın korteji qəza törədib –