Yaqub Məmmədov 1992-ci ildə məşhur ifadəsini kimə deyib? –

“Biz böyük oyunun "peşka"larıyıq” (VİDEO) 
05 Oktyabr 2019 - 00:24

 İnternetdə  Azərbaycanın siyasi həyatının 90-cı illərin əvvələrinə aid videoxronikası yayımlanıb.

 Azpost.info bildirir ki, videoçəkiliş 1992-ci ilin may ayının əvvələrinə aiddir. Kadrlarda Yaqub Məmmədovun sədri olduğu dövrdə  Milli Məclisin iclası əks olunub.  Gərgin əhval-ruhiyyə müşahidə edilən zalda deputatlarla yanaşı, kənar şəxslər də nəzərə çarpır.

Mikrofonla çıxış edən Bərdənin “Azadlıq” könüllülər batalyonun komandiri Ələmşah Məmmədov əsəbi şəkildə prosesləri şərh edir və təkliflərini verir. Onun parlamentə hansı statusda gəlməsi, hərbçiyə nəyə görə çıxış  verilməsi aydın olmur.

Ələmşah Məmmədov Qarabağda gedən müharibədən danışır, orduda təchizat baxımından ciddi problemlərin olmasını vurğulayır. Daha sonra o, Şuşanın süqutunun səbəblərini izah etməyə çalışır və hakimiyyəti şəhərin müdafiəsi üçün iş görməməkdə ittiham edir.

İclasda Ali Sovetin sədri Yaqub Məmmədov ona müraciət edərək çıxışı ilə həmrəy olduğunu vurğulayır və siyasi tarixə düşmüş məşhur ifadəsini işlədir: “Biz hamımız böyük oyununun “peşka”larıyıq”…  

Mərhum Elmira Qafarovanın istefasından sonra Ali Sovetin sədri seçilən Yaqub Məmmədov 1992-cilin mart – may aylarında Azərbaycan prezidentinin səlahiyyətlərini icra edib. Onun dövründə Qarabağ probleminin həlli üçün İranın vasitəçilyi aparılan sülh danışıqları iflasa uğrayıb. Mayın 8-də Şuşa şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal edilib.

Yaqub Məmmədovun bu ifadəsi bu günə qədər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələrdə geopolitik proseslərin şərhi üçün istifadə edilir.