“Yaşar Nurinin aliəsi pul istəmir, diqqət istəyir…” –Həyat yoldaşından Nazirliyə sərt ittiham

“Mədəniyyət Nazirliyindən hədsiz şikayətçiyəm. Yaşar sağlığında ən hörmətli aktyorlardan biri olub, yerdən göyə qədər hər şeyimiz olub. O, həyatını itirəndən sonra isə elə bil, qapılar bağlandı, vəssalam”.

Azpost.info bildirir ki, bu sözləri Yenisabah.az-a mərhum sənətkar, Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib.

O, açıqlamasında sənətçilərin ailələrinə qarşı edilən diqqətsizlikdən və Mədəniyyət Nazirliyindən gileylənib: “Mədəniyyət Nazirliyi ən geridə qalan nazirliklərdən biridir. İndi də orada baş verənləri görürsünüz. Gərək əvvəldən bunu edəydilər. Mən 2 ildir ki, nazirin qəbuluna düşə bilmirəm. Bu nə deməkdir axı?! Bu insan mədəniyyətimizin naziridir, kimsə ona sözünü demək istəyir, amma nazirə çata bilmir. Gedirsən, aşağıdan zəng vururlar ki, nazir burada yoxdur.  Mənim də deməyə sözüm var axı, mütləq deyil ki, gedib ağlayasan ki, mənə nə isə lazımdır. Mən də Yaşarın yaradıcılığına aid nələrsə etmək istəyirəm. Ağlımda çox işlər var”.

R. Nuriyeva deyib ki, Yaşar Nuri ilə bağlı şəxsi arxivində elə şeylər var ki, heç teatrda da onlar yoxdur: “Amma Mədəniyyət Nazirliyi bir dəfə də olsun bununla maraqlanmayıb. Mən də məcbur oluram onları öz sosial şəbəkə hesabımda hissə-hissə paylaşam, amma məni orada milyonlarla adam izləmir, böyük auditoriyaya çatmır. Vallah, belə olmaz”.

Aktyorun xanımı maddi olaraq nazirlikdən heç nə istəmədiyini xüsusi vurğulayıb. O, Mədəniyyət Nazirliyində teatr sahəsinə cavabdeh olan şöbələri sərt tənqid edib: “Söhbət maddi yardımdan yox, məhz diqqətsizlikdən gedir. Mədəniyyət Nazirliyi nəinki bir dəfə qapımı döymək, heç telefonla da əlaqə saxlamayıb. Nə teatr günündə, nə Yaşar Nurinin ad günündə. Hətta vəfat etdiyi gün bir zəng belə  etmədilər. Mənə çox maraqlıdır ki, nazirlik işçiləri orada nə ilə məşğuldurlar, ancaq nəyəsə qol çəkməkləmi? Mədəniyyət Nazirliyinin kino ilə, teatrla maraqlanan ayrıca şöbəsi var. Bu qədər səlahiyyətləri olduğu halda niyə heç nə etmirlər? Bəs onların işləri nədir?”

Əvvəlki məqalə

İran prezidenti Baydenə cavab verdi –

Sonrakı məqalə

Prezident Mayis Bərxudarova general-leytenant rütbəsi verib