Ötən gün səhər saatlarında Zaqatalanın Muxax kəndində 2 nömrəli məktəbə dərsə gedən şagird və valideynlərə çaqqal hücum çəkib.
Məktəbin şagirdi Röya Gəncəliyeva bildirib ki, səhər qardaşı ilə məktəbə gələrkən, çaqqal onların üstünə hücum çəkib. Bu zaman qardaşına, eləcə də daha bir məktəbliyə xəsarət yetirib.
Kənd sakini Dilrubə Tahirovanın sözlərinə görə, o, uşaqların səsinə küçəyə çıxıb. Bu zaman görüb ki, çaqqal məktəblilərə hücum edir. Qadın onları xilas etmək istəyərkən, çaqqal ona da xəsarət yetirib.
Muxax kənd sakini Ramazan Mikayılov isə bildirib ki, belə hallarla tez-tez qarşılaşırlar. Vəhşi heyvanlara, xüsusən də çaqqal və canavara kəndin yollarında vaxtaşırı rast gəlinir.
Qeyd edək ki, sakinlər son anda quduzluq ehtimalı olan çaqqalı öldürə biliblər. Bu gün isə kəndin baytar həkimi İslam Ramazanov heyvanın cəmdəyindən nümunə götürərək Qida Təghlükəsizliyi Agentliyinə laborator müayinəyə göndərib.
Məsələ ilə əlaqədar Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Muxax kəndində çaqqal hücumu ilə əlaqədar beş nəfər – üç məktəbli və iki valideyn müraciət edib. Onlara ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub, müalicə təyin edilib. Həmin şəxslərin müalicələri ambulator şəraitdə davam edir(azərtac).