“İndi dünyada qaba gücün hökm sürüb-sürməyəcəyinə qərar verildiyi andır, dönüş nöqtəsidir. Əgər qaba güc hökmranlığını davam etdirsə, deməli, artıq biz Davosda bir araya gəlməyə bilərik. Qaba güc fəth olunmaq istəyənləri tabe etməkdən başqa heç nə axtarmır. O, müzakirə etmir, dərhal öldürür. Necə ki, hazırda Ukraynada edir”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.
Foruma videobağlantı ilə qatılan Zelenski qeyd edib ki, Davosdakı rus evi indi Rusiyanın hərbi cinayətlərinin evinə çevrilib: “Bu, Rusiyanın müharibə cinayətləri dövlətinə çevrilərək özünə nə etdiyinə və dünyadakı digər təcavüzkarları ruhlandırmasına bir nümunədir. Uğurlu dinc şəhərlərin yerini qara xarabalıqlar tutub. Ukraynada turizm əvəzinə minalanmış və bağlanmış limanlar, qapalı səma, minlərlə rus bombaları və qanadlı raketlər var. Bəşəriyyət bu dönüş nöqtəsini qaçırsa, dünya bu cür – müharibə cinayətlərinin çox böyük kolleksiyası kimi görünəcək”.
Zelenski bildirib ki, dünya təcavüzkarlara qarşı qabaqlayıcı tədbirlər görməlidir: “Biz yanaşmanı dəyişməli, reaksiya verməməli, əksinə, hərəkət etməli və qabaqlayıcı addımlar atmalıyıq. Həm də yeni alətlər, yeni presedentlər yaratmalıyıq”.
Ukrayna prezidenti çıxışının sonunda bütün Rusiya banklarını və İT sektorunu bloklamağa, Rusiya neftinə embarqo qoymağa çağırıb.
Azpost.info