ABŞ-da səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski Konqresdə alqışlarla qarşılanıb.
Azpost.info xəbər verir ki, Konqres Ukrayna liderini ayaq üstə 21 dəfə alqışlayıb.
Zelenski dəstək üçün Amerika xalqına təşəkkür edib. O, ABŞ-ı davamlı maliyyə dəstəyinə çağırıb: “Sizin pulunuz xeyriyyəçilik deyil. Bu, qlobal təhlükəsizliyə və demokratiyaya sərmayədir və biz onu böyük məsuliyyətlə idarə edirik”.
Zelenski həmçinin Konqres üzvlərini Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və terrorçuları təcavüzə görə məsuliyyətə cəlb etməyə çağırıb.
Ukrayna lideri ABŞ prezidenti Co Baydenin onun 10 bəndlik sülh planını dəstəklədiyini deyib və əlavə edib ki, Konqresin hər bir üzvü onun həyata keçirilməsinə kömək edə bilər.
“Ruslar Ukraynanın Baxmut kimi şəhərlərinə qarşı hər şeydən istifadə edirlər. Lakin Ukrayna öz mövqeyini saxlayır və heç vaxt təslim olmayacaq. Ötən il Baxmutda 70 min insan yaşayırdı… İndi orada bir neçə mülki şəxs qalıb. Bu torpağın hər santimetri qanla sulanıb… Şiddətli, hətta əlbəyaxa döyüşlərdə Donbas bir neçə dəfə əl dəyişib. Amma Ukrayna Donbası ayaqdadır”, – Zelenski bildirib.
O qeyd edib ki, ukraynalılar bu il Milad bayramını müharibənin vəhşiliklərinə baxmayaraq qeyd edəcəklər: “Elektrik olmasa belə, özümüzə olan inancımızın işığı sönməyəcək. Ukrayna diri və güclüdür, mütləq qələbəyə nail olacaq”.
Azpost.info