Türkiyədə baş vermiş dəhşətli zəlzələnin fonunda bu ölkədə keçiriləcək parlament və prezident seçkiləri də müzakirə mövzusudur. Məlmat üçün deyək ki, seçkilər may ayının 14-nə təyin olunub. Prosesin təxirə salınacağı ilə bağlı gözləntilər var. Lakin bunun əksini düşünənlər də az deyil. Seçkilərlə bağlı müzakirələrdə onun vaxtı ilə yanaşı zəlzələnin nəticələrə təsir göstərib-göstərməyəcəyi də önə çıxarılır.
Siyasi şərhçi Rauf Mirqədirov məsələni Azpost.info-ya şərh edərkən bildirib ki, baş vermiş faciə sözsüz seçkilərə də təsirsiz ötüşməyəcək. Lakin o, indidən qəti fikir söyləməyin mümkünsüzlüyünü də qeyd edib.
Rauf Mirqədirovun fikrincə, hər şey mövcud hakimiyyətin özünü necə aparacağından asılı olacaq. “Bu çox böyük faciədir və heç şübhəsiz bu məsələdə gözlər indiki hakimiyyətə dikilib. Bu məsələdə Ərdoğan hakimiyyəti və Ərdoğanın özünün necə aparacağı önəmlidir”, – deyə analitik bildirib.
Onun sözlərinə görə, Ərdoğanın ilk addımları seçkilərdə ona problemlər yarada bilər: “Onun ilk addımlarından biri zərərçəkənlərə verilən maliyyə yardımı ilə bağlıdır. Azərbaycan valyutası ilə zərərçəkənlərə ilkin olaraq 900 manat (10 000 TL) verilməsi qərara alınıb ki, bu kifayət qədər az məbləğdir. Nəzərə almaq lazımdır ki, Türkiyədə minimum haqqı 450 manat civarındadır. Başqa bir addımı isə “”Twitter”ə girişin məhdudlaşdırılması ilə bağlıdır. Bu addım istər cəmiyyətdə, istərsə də Türkiyənin ictimai-siyasi mühitində narazılığa səbəb olub. Üstəgəl zəlzələ ilə bağlı həqiqətləri yazanların saxlanılması. Bütün bunlar əlbəttə ki, seçkilərdə AKP hakimiyyətinin əleyhinə işləyə bilər”.
Rauf Mirəqdirovun fikrincə, Ərdoğan seçkilərin təxirə salınması variantını qəbul etməyə bilər: “Məncə, o, seçkiləri tələsik keçirmək variantını seçəcək. Əgər seçkilər təxirə salınarsa, bu AKP hakimiyyəti üçün o qədər yaxşı perspektiv vəd etmir. Çünki bu müddət ərzində zəlzələ ilə bağlı hakimiyyətin əleyhinə yeni-yeni faktlar üzə çıxacaq”.
Abbas