“Багдаде всё спокойно!” –İraq Kürdüstanının lideri Bakıya niyə gəlmişdi?/TƏHLİL

Xəbər verildiyi kimi, çərşənbə axşamı İraq Kürdüstanı Regionunun lideri Neçirvan Bərzani və Prezident İlham Əliyev arasında görüş keçirilib. Görüşdə İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Bu ilin fevralında Münhendə Prezidenti İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü haqda icmalımızda Ərbildə (İraq Kürdüstanı regionunun mərkəzi) Azərbaycan konsulluğunun açılacağı haqda ilkin razılaşma əldə olunduğunu və Bərzaninin Bakıya səfərə dəvət edildiyni məlumat vermişdik. Bərzani rəhbəri olduğu regionla Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələrin mövcudluğuna, regionun Türkiyə ilə də çox sıx münasibətlərinə diqqət çəkib, bu xüsusda mümkün birgə əməkdaşlıq layihələrindən bəhs etmişdi. Azərbaycan Prezidenti də Kürdüstan regionu ilə əməkdaşlığı Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələri kontekstində dəyərləndirmiş və bu çərçivədə gələcək üçtərəfli əməkdaşlıq mexanizmlərinin nəzərdən keçirilə biləcəyini demişdi. Prezident qeyd etmişdi ki, İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var. Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasına, həmçinin biznes şurası formasında müxtəlif təsisatların yaradılmasına baxıla bilər.

Görüş haqda əsasən İran mediasının, müəyyən qədər də Azərbaycanın müxalif KİV-lərinin manipulyasiyalarına da rast gəlinir. Bu zaman səfərin iqtisadi deyil, siyasi olması, III tərəfə (İrana qarşı) yönəlməsi, hansısa etnik altməzmuna malik olması, İraq mərkəzi hakimiyyətinə, hətta Türkiyəyə qarşı olması haqda iddialar səsləndirilir.

Lakin görüşlərlə bağlı verilmiş məlumatlardan göründüyü kimi, əməkdaşlığın sıxlaşdırılmasını zəruri edən səbəb daha çox iqtisadidir, bu əməkdaşlıqdakı üçüncü qazanan tərəf isə Türkiyədir. Bərzani ilə il ərzində II görüş də məhz Türkiyədə Ərdoğanın andiçmə mərasimində baş tutmuşdu. Kürdüstan bölgəsinin rəsmi mənbələri də Türkiyədəki son seçkilərdən bəri Bərzaninin bir neçə dəfə Ərdoğanla təması barədə yazıb.

İraqın Azərbaycandakı rəsmi nümayəndəsi Makki Risan əl-Mamuri regionun “Rudaw” saytına açıqlamasında Bərzaninin Bakıya səfərinin “böyük əhəmiyyət daşıdığını” deyib. İraqın “Almasalah “nəşri xəbər verir ki, Makki Risan səfəri çox vacib adlandırıb. Kürdüstan prezidentinin yerli, regional və beynəlxalq səviyyədə öz çəkisi olduğunu və bu səfərdə bütün İraqı təmsil etdiyini deyən Risan, səfərin yeni üfüqlər açacağına ümid etdiyini bildirib. İki ölkə arasında diplomatik əlaqələrin hələ 1974-cü ildə yarandığı, İraqın Azərbaycanın istiqlalını tanıyan ilk ölkələrdən biri olduğu xatırladılıb. Qeyd olunur ki, hazırda Azərbaycanı ildə 90 min iraqlı turist ziyarət edir. Azərbaycanda pandemiyaya qədər 600 tələbədən ibarət İraq icması olub, hazırda sayları iki dəfə azalıb. İraqda energetika, inşaat və digər sektorlarda Azərbaycan şirkətləri çalışır. Martda İraq prezidenti, 10 gün əvvəl isə İraq xarici işlər naziri Bakıya səfər etmişlər.

Bərzaninin sözçüsü Dilşad Şihab Bakıda jurnalistlərə açıqlamasında deyib ki, Bəzraninin səfəri zamanı müzakirə etdiyi sahələrdən biri azərbaycanlı investorların Kürdüstanda işləməyə təşviq edilməsidir, öz növbəsində Azərbaycan prezidenti də bu məsələni müsbət qarşılayıb (shafaq.com).

O əlavə edib ki, Azərbaycan və Kürdüstan arasında investisiya nümayəndə heyətləri gələcəkdə də səfərlər edəcək və Kürdüstanla Bakı arasında əlaqələrin ən yüksək səviyyəyə çatdığını vurğulayıb. Şihab qeyd edib ki, Kürdüstan hakimiyyəti Federal Xarici İşlər Nazirliyindən rəsmi razılıq alaraq regionda Azərbaycanın konsulluğunun açılması istiqamətində işləri davam etdirir. “Rudaw” türkcə nəşri Azərbaycandakı kürd icmasından da səfərlə bağlı reportajlar dərc edib. Reportajlarda səfərin Azərbaycandakı kürdlərin və Şimali İraqdakı türkmənlərin həyatında xüsusi rolu olacağı iddia olunur.

Onu da qeyd edək ki, İraq mediası yalnız Ərbilə deyil, Bağdada və ölkənin digər regionlarına da birbaşa uçuşların həyata keçirilə biləcəyini yazırlar. Eyni zamanda Azərbaycanın Türkiyə vasitəsilə İraq dəhlizinə qoşulması da təklif olunur (mətnin sonrakı hissəsində bu barədə məlumat verilir). Bu təkliflər reallaşarsa, hər il İraqdakı şiə dini ziyarətgahlarını İran üzərindən keçməklə ziyarət edən zəvvarların birbaşa İraqa səfərləri baş tutmuş olardı. Bu da özlüyündə Azərbaycan dindarları üzərində İran təsirinin azaldılmasına olduqca böyük təkan verərdi.

Beləliklə, bu əlaqələrin məhz İraq mərkəzi hakimiyyətinin marağında olması İraq rəsmiləri tərəfindən təsdiqlənir.

Bu ayın birinci ongünlüyündə aparıcı dəhlizlər uğrunda mübarizəyə İraqın da qoşulması haqda təhlillə çıxış etmişdik. İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn Azərbaycan rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə görüşündə coğrafi, dini, mədəni yaxınlığına, uzun tarixə dayanan çoxtərəfli əlaqələrinə görə Azərbaycanın İraq üçün vacib ölkə olduğunu bildirmiş, müxtəlif sahələrdə çoxlu imkanlardan yararlanmağın vacibliyini vurğulamış, azərbaycanlı iş adamlarını İraqa səfər etməyə və investisiya yatırmağa çağırmışdı. O, İraqın ucqar cənubundakı Əl-Fau limanından başlayaraq Türkiyəyədək uzanan “İnkişaf yolu”nun əhəmiyyətini, bu yolun Azərbaycan üçün də bir fürsət olduğunu qeyd etmişdi. Tərəflər mümkün qədər tez müddətdə Bağdad və Bakı arasında birbaşa aviareyslərin və Ərbil-Bakı arasında ikinci reysin açılmasının, eləcə də Azərbaycana səfər etmək istəyən İraq vətəndaşlarına giriş vizalarının verilməsinin zəruriliyini vurğulamışdılar.

Qeyd etmişdik ki, təşəbbüs reallaşarsa, Azərbaycan yalnız körfəzdəki ərəb ölkələri ilə deyil, İranın cənub vilayətləri ilə də yükdaşımaları bu yol vasitəsilə həyata keçirə bilər. Həm də Çin və İraq arasında nəqliyyat və enerji sektorlarında sıxlaşan əlaqələri nəzərə alsaq, Çin yüklərinin Azərbaycan və digər Qafqaz ölkələrinə, həmçinin Rusiya, Türkiyə və Avropaya daşınması üçün də indi İranın davamlı şıltaqlıqları üzündən reallaşmsı ləngiyən “Şimal-Cənub” dəhlizinə də alternativ yol əldə edilmiş olur.

Əməkdaşlığı zəruri edən mühüm iqtisadi amillərdən biri də Azərbaycanın və İraqın Avropanın enerji təchizatındakı iştiraklarını uzlaşdırmaq idi. İraqın neft-qaz ehtiyatlarının Avropaya daşınması üçün Azərbaycanın əsas iştirakçı olduğu TAP layihəsinə qoşulma mümkünlüyünü qeyd etmişdik.

Azərbaycanın “İnkişaf yolu”, İraqın isə “Cənubi qaz dəhlizi” layihələrinə qoşulmaları hər iki ölkəni nəqliyyat-dəhliz imkanlarını vahid sistemdə birləşdirməyə, yük daşımaları və enerji təchizatı ilə bağlı mübarizədə üstün mövqe qazanmağa kömək edir.

Bu il yanvar ayında Macarıstana səfər zamanı Prezident İlham Əliyev vaxtilə tarixə qovuşmuş sayılan “Nabukko” layihəsinin canlandırıldığını açıqlamışdı. Bəlli olduğu kimi, sözügedən layihə Yaxın Şərq və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Avropaya nəqlini nəzərdə tuturdu. 2008-ci ildə Türkiyənin o zamankı xarici işlər naziri Ali Babacanın Rusiya-Gürcüstan müharibəsindən sonra layihənin Ermənistandan keçməklə çəkilə biləcəyi haqda açıqlamasına Azərbaycan tərəfi sərt reaksiya vermiş, 2010-cu ildə Kürdüstan regionu təbii ehtiyatlar naziri Ashti Havrami isə Avropanın tələbat duyduğu lazımi alternativ qazın yarısını qarşılamağa hazır olduqlarını bəyan etmiş, Türkmənistandan çəkilə biləcək Transxəzər kəmərinin razılaşdırılması mümkün olmamış, Tehran isə Avropa ilə danışıqlardan çəkilmişdi. Beləcə, əsas alternativ enerji mənbəyi ola biləcək ölkələrin layihənin yerinə yetirilməsində maraqlı olmadığı aydınlaşmışdı.

Bundan sonra Azərbaycan Prezidenti uzun müddət açıqlamalarında dövlətimizin Avropa üçün yeganə alternativ enerji mənbəyi olduğunu bildirirdi. TAP və TANAP layihələri faktiki olaraq “Nabukko”nu əvəz etmişdi. Cari ilin əvvəllərində İsrail səfirinin Azərbaycan mediasına verdiyi müsahibədə Yaxın Şərq qazının məhz TAP və TANAP vasitəsilə nəqli perspektivlərinin nəzərdən keçirildiyi deyilirdi.

O illərin təcrübəsini nəzərə alan Azərbaycan aktiv enerji diplomatiyası yürüdür. Son bir ildə Avropanın enerji təchizatında rol alan mənbə ölkələrin hər biri ilə – Əlcəzair, Misir (Misir, eyni zamanda vətəndaş müharibəsi ilə parçalanmış Liviyada tərəflərin qəbul etdiyi əsas arbitrdir), İsrail, Mərkəzi Asiya və Körfəz dövlətləri, Şimali İraq regional hökuməti ilə atılacaq addımları uzlaşdırmağa çalışır; rəqabət deyil, əməkdaşlıq təklif edir. Əslində Tehranla ötən il razılaşdırılmış svop qaz anlaşması da bu diplomatiyanın davamı idi. Tehran mediası həmin anlaşmanı məhz Avropanın alternativ enerji mənbəyi olmaq yolunda mühüm addım kimi qiymətləndirirdi. Təəssüf ki, onu blokadadan çıxarmaq üçün edilən təşəbbüslər sonradan Arazdan cənubundakı rejimin xroniki yanlışları üzündən yarımçıq qaldı. “Rudaw”ın təqdim etdiyi son təhlillərdə də əməkdaşlığın bir hədəfinin də “Nabukko”nu canlandırmaq, Avropanın enerji təchizatında Azərbaycanla bərabər iştirak etmək olduğu vurğulanır.

 

Ərbillə Bakını birləşdirən digər ortaq cəhət Türkiyə ilə yanaşı digər strateji tərəfdaşımız olan İsrailin Kürdüstanın əsas dəstəkçiləri olmasıdır. İsrailin milli təhlükəsizlik və diplomatiya üzrə ixtisaslaşmış Yerusəlim İctimai Əlaqələr Mərkəzi yazır ki, İsraillə İraq Kürdüstanını hər iki tərəfin maraqlarına xidmət edən “qazan, qazan” (win-win) əlaqəsi birləşdirir. İraqın mərkəzi Bağdad hökumətinin etirazlarına baxmayaraq, İsrail Kürdüstanla da iqtisadi əlaqələr qurur və kürd neftini alır.

“Financial Times”-da dərc olunmuş bir yazıda isə bir çox İsrail şirkətinin enerji və kommunikasiya layihələrinə də sərmayələri haqqında danışılır. İsraillə yanaşı Türkiyənin də Kürdüstanda böyük yatırımları və siyasi maraqları var.

Səfər kontekstində Amerikanın “The Wilson Center” düşüncə mərkəzinin İraqda yenidən mərkəzi hakimiyyətin güclənməsi, federalizmin zəifləməsi haqda təhlili maraq doğurur. Qeyd olunur ki, amerikalıların 2005-ci ildə tələm- tələsik hazırlayıb qəbul etdirdikləri İraq konstitusiyasında həll olunmamış çoxlu məqamlar olub. 2017-ci ilin sentyabrından sonra Kürdüstan Regional Hökumətinin beynəlxalq dəstəyi düzgün hesablamayaraq müstəqillik referendumu keçirməsi ilə vəziyyət daha da pisləşib. Bağdad muxtariyyətə qarşı uzunmüddətli niyyətlərini 2022-ci ilin fevralında Federal Ali Məhkəmənin Kürdüstanda 2007-ci ildə qəbul edilmiş neft və qaz qanununun konstitusiyaya zidd olduğuna qərar verdikdə açıq şəkildə ifadə edib. “Kürdüstan Regional Hökuməti qərara etiraz etsə də, qarşı çıxmaq üçün rıçaqları yox idi. 2023-cü ilin əvvəlində isə Bağdadın şərtlərini qəbul edərək neft ixracının bərpasına icazə verdi”.

Cəmaləddin Quliyev

siyasi ekspert

Əvvəlki məqalə

Prezident Cəlilabadda Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Sonrakı məqalə

İsveçin İraqdakı səfirliyi bağlanıb