42 ölkədə meymunçiçəyinə yoluxma qeydə alınıb –ÜST

2022-ci ildə Ümumdünya Səhiyyə Təşkilatına dünyanın 42 ölkəsindən meymunçiçəyinə laboratoriyada təsdiqlənən 2 min 103 yoluxma halı və bir ölüm faktı barədə məlumat daxil olub.

Bu barədə məlumat təşkilatın Cenevrədə dərc olunan həftəlik informasiya bülletenində yer alıb. Məlumata görə, yoluxma hallarının mütləq əksəriyyəti – 98 faizi may ayının əvvəlindən bu yana olan dövrü əhatə edən zaman kəsiyinə aiddir.

ÜST-nin hazırkı bülletenində dünyada yoluxma hallarının ümumi statistikası dərc olunub. Əvvəllər bu barədə məlumatlar meymunçiçəyi xəstəliyinin endemik olduğu və olmadığı ölkələr üçün ayrı-ayrılıqda tərtib edilirdi.

Meymunçiçəyinə ən çox yoluxma halı Böyük Britaniyada qeydə alınıb – 524 nəfər. İlk beşliyə, həmçinin İspaniya (313 nəfər), Almaniya (263 nəfər), Portuqaliya (241nəfər) və Kanada (159 nəfər) daxildir. Onların ardınca Fransa (125 nəfər), Niderland (80 nəfər), ABŞ (72 nəfər), İtaliya (68 nəfər) və Belçika (52 nəfər) gəlir. Digər ölkələrdə isə yoluxma hallarının sayı 50 nəfəri keçmir. Meymunçiçəyindən yeganə ölüm halı Nigeriyada baş verib.

Ekspertlərin fikrincə, hazırkı yoluxma dalğasına qədər meymunçiçəyi virusu bir müddət gizli dövr edib. Onlar virusun 2017-ci ildən bu yana gizli yayıldığını istisna etmirlər.

Adətən Afrikada rast gəlinən meymunçiçəyi infeksiyası hazırda Avropa və Şimali Amerika ölkələrində də müşahidə olunur.

Əvvəlki məqalə

5 ayda ölkəyə 120 milyon dollarlıq meyvə-tərəvəz idxal olunub

Sonrakı məqalə

Azərbaycanda ilk dəfə Gilas festivalı keçiriləcək