Arıqlamaq və əldə edilən çəkini qoruyub saxlamaq göründüyündən daha çətin ola bilər. Pəhrizlər, bariatrik cərrahiyyə, arıqlama həbləri və iynələri müxtəlif imkanlar təklif edir. Lakin uyğun üsulun seçilməsi insanın sağlamlıq vəziyyətindən, həyat tərzindən və fərdi xüsusiyyətlərindən asılıdır.
Bu barədə “HealthDay” nəşrinə müsahibəsində əczaçılıq şirkəti “Eli Lilly”nin kardiometabolik sağlamlıq üzrə baş vitse-prezidenti Reyçel Batterhem danışıb.
Mütəxəssisin sözlərinə görə, piylənməni iradə zəifliyinin nəticəsi hesab etmək olmaz. Bəşəriyyət tarixinin böyük hissəsində qida çatışmazlığı olub. Buna görə də insan orqanizmi yemək axtarmağa və imkan yaranan kimi qida qəbul etməyə uyğunlaşıb. Bu gün ətrafımızda çoxsaylı qida cazibələri olduğu halda, həmin mexanizm çəki artımına səbəb ola bilər. Pəhriz zamanı isə orqanizm qida qəbulunun azalmasını aclıq təhlükəsi kimi qəbul edir və çəkinin azalmasına müqavimət göstərməyə başlayır.
“İnsanlar arıqlaya bilərlər. Lakin bundan sonra çəki azalmasına qarşı mübarizə aparan bioloji mexanizmlər işə düşür”, – Batterhem izah edib.
Mütəxəssis müalicə üsulunun seçilməsində ilk addım kimi gündəlik vərdişlərin yenidən nəzərdən keçirilməsini tövsiyə edir. O, yüksək dərəcədə sənaye emalından keçmiş qidaların istehlakını azaltmağı, fiziki aktivliyə, yuxuya və stressin idarə olunmasına diqqət yetirməyi məsləhət görür.
Artıq çəkinin sağlamlığa necə təsir etdiyini qiymətləndirmək də vacibdir. Xüsusilə qarın nahiyəsində yağın toplanması mühüm risk amili ola bilər. Bu, yüksək arterial təzyiq, 2-ci tip diabet və ürək-damar xəstəlikləri ilə daha sıx əlaqəlidir. Ailədə ağır piylənmə və onunla əlaqəli xəstəliklərin olması da riskin yüksəlməsinə səbəb olur.
“Əslində, tərəzidəki rəqəmlərdən daha çox, çəkinin sağlamlıq üçün yaratdığı nəticələr əhəmiyyətlidir”, – mütəxəssis vurğulayıb.
Batterhem əvvəllər Böyük Britaniyada bariatrik cərrahiyyə mərkəzinə rəhbərlik edib. Onun sözlərinə görə, belə əməliyyatdan sonra iştaha əhəmiyyətli dərəcədə azalır. Bu, xüsusilə GLP-1 də daxil olmaqla, aclıq hissinin tənzimlənməsində iştirak edən hormonların səviyyəsindəki dəyişikliklərlə əlaqədardır. Bu mexanizmlərin öyrənilməsi piylənmənin müalicəsi üçün yeni dərmanların yaradılmasına zəmin hazırlayıb.
Lakin dərman vasitələri ilə müalicəni çox vaxt uzun müddət davam etdirmək lazım gəlir. Preparatların qəbulu dayandırıldıqdan sonra çəki tez-tez yenidən artır. Bu, arterial təzyiqi tənzimləyən dərmanların qəbulunun dayandırılmasından sonra təzyiqin yenidən yüksəlməsinə bənzəyir.
Arıqlamaq üçün universal üsul yoxdur. Məsələn, tez-tez səyahət edən insan iynələrdənsə, həblərə üstünlük verə bilər. Müalicə seçilərkən həkim pasiyentlə mümkün nəticələri və məhdudiyyətləri müzakirə etməli, onun gündəlik həyatını və yaxınlarının dəstəyini də nəzərə almalıdır.
Piylənmənin müalicəsində istifadə olunan müasir preparatların əksəriyyəti iştahanın azalmasına kömək edən bağırsaq hormonu GLP-1 sistemi üzərində təsir göstərir. Lakin bu dərmanlar hər kəs üçün uyğun deyil. Ən çox rast gəlinən yan təsirlər mədə-bağırsaq sistemi ilə bağlı problemlərdir. Artıq həzm sistemi problemləri olan insanlar xüsusilə ehtiyatlı olmalıdırlar.
Bu preparatlardan hamiləlik dövründə istifadə etmək olmaz. Buna görə də hamiləliyin planlaşdırılması zamanı müalicə barədə əvvəlcədən həkimlə məsləhətləşmək vacibdir.
Dozanın həddindən artıq sürətlə artırılması ürəkbulanma, ishal və ya qəbizliyə səbəb ola bilər. Buna görə dozanın tədricən artırılması adətən daha yaxşı qəbul edilir. Müalicə zamanı kifayət qədər zülal və maye qəbul etmək də vacibdir.
Batterhemın sözlərinə görə, preparat düzgün seçildikdə, doza tədricən tənzimləndikdə və tibbi nəzarət təmin olunduqda, pasiyentlər adətən yaxşı nəticələr əldə edirlər.