Avropalı alimlər kişilərin saqqalında insan üçün potensial təhlükəli bakteriyaların itlərin tüklərindən daha çox olduğunu müəyyən ediblər.
Avropalı alimlər 18 saqqallı kişi və 30 itin nümunələrini müqayisə edərək insan üçün təhlükəli bakteriyaların kişilərin saqqalında hətta itlərin tüklərinin ən çirkli hesab edilən hissəsindən daha çox olduğunu müəyyənləşdiriblər.
Araşdırma European Radiology jurnalında dərc olunub.
Tədqiqatın məqsədi əvvəllər heyvanların müayinə olunduğu MRT aparatlarında insanların müayinəsinin təhlükəsiz olub-olmadığını yoxlamaq olub.
TSN-nin Live Science-a istinadən yazdığına görə, itlər insanların ildə təxminən 8 min MRT müayinəsindən keçdiyi xəstəxananın radiologiya şöbəsində müayinə olunublar.
Tomoqrafiya aparatları əksər baytarlıq klinikaları üçün çox bahalı olduğundan, heyvanlar xəstəxanaya gətirilib. İtlər baş və ya onurğa beyninin planlı tomoqrafiyasından keçirilib. Müayinədən əvvəl tədqiqatçılar onların ağız boşluğundan yaxma nümunəsi, həmçinin kürək nahiyəsində, iki çiyin arasındakı tüklərdən nümunə götürüblər.
Müəlliflər bu nahiyəni xüsusilə gigiyenik olmayan sahə kimi xarakterizə edirlər. Çünki heyvanlarda həmin bölgədə dəri infeksiyalarına tez-tez rast gəlinir. Müayinədən sonra tomoqrafın daxilində üç ayrı nöqtədən də nümunələr götürülüb.
Paralel olaraq, xəstəxanada öz MRT müayinəsindən keçən, yaşı 18-dən 76-dək olan saqqallı kişilərdən dəri və tüpürcək nümunələri toplanıb. Kişilərin hamısı nisbətən sağlam olub və əvvəlki bir il ərzində xəstəxanada yatmayıblar. İtlər arasında şnauzerlərdən alman çoban itlərinə qədər müxtəlif cinslər olub.
Tədqiqatda iştirak edən 18 kişinin hamısında, 30 itin isə 23-də dəridə və tüpürcəkdə yüksək mikrob səviyyəsi aşkarlanıb. İnsanlar üçün patogen, yəni xəstəlik törədə bilən bakteriyalar 7 kişidə və 4 itdə müəyyən edilib.
Aşkarlanan bakteriyalar arasında sidik yollarının infeksiyalarına tez-tez səbəb olan bağırsaq bakteriyası Enterococcus faecalis də olub. Digər aşkarlanan mikroorqanizm isə qızılı stafilokokdur. Yetkin insanların 50%-dək hissəsi bu bakteriyanı dəri və selikli qişalarında daşıya bilər. Adətən zərərsiz olsa da, qana düşdükdə ciddi fəsadlara səbəb ola bilər.
Tədqiqat müəlliflərinin qənaətinə görə, insanlar daha çox bakteriya daşıyan pasiyentlər olub və MRT aparatından çıxdıqdan sonra heyvanlarla müqayisədə aparatın daha çox çirklənməsinə səbəb olublar. Alimlər bunun səbəblərini də izah ediblər.
“İtlərin və insanların müayinəsində istifadə olunan MRT aparatı heyvanların müayinəsindən sonra mütəmadi dezinfeksiya edildiyindən, onun üzərindəki bakterial yük yalnız insanların müayinəsi üçün istifadə olunan tomoqraflarla müqayisədə əhəmiyyətli dərəcədə aşağı olub”, – tədqiqat müəllifləri bildiriblər.
Bununla belə, alimlər kişiləri təcili şəkildə saqqallarını qırxmağa çağırmırlar. Onlar bakterial yükün qadınlarda daha az olduğuna dair də əsas olmadığını vurğulayırlar.
Tədqiqat müəlliflərinin fikrincə, əsl təhlükə başqa məqamda gizlənir: pasiyentlər müayinədən sonra düşündüyümüzdən daha çox potensial təhlükəli bakteriya buraxırlar və onların aradan qaldırılması üçün standart səthi təmizlik çox vaxt kifayət etmir.
N.Talıblı