“Hazırda Rusiyanın Azərbaycanla sərhədinin beynəlxalq -hüquqi qeydiyyatı hələ başa çatdırılmayıb”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov “Rossiyskaya Qazeta”ya müsahibəsində deyib.
Kulişovun sözlərinə görə, həmçinin Ukrayna, Qazaxıstan, Cənubi Osetiya və ABŞ ilə dövlət sərhədinin beynəlxalq hüquqi qeydiyyatı üzrə işlər yekunlaşmayıb.
O bildirib ki, 2014-cü ildən Ukrayna ilə demarkasiya prosesi dayandırılıb. Krım yarımadasında da Rusiya-Ukrayna sərhədi təsdiqlənməyib. Bundan başqa Berinq boğazında ABŞ-la sərhəd bölgüləri tənzimlənməyib.
Həmçinin Estoniya, Gürcüstan və Yaponiya ilə dövlət sərhədləri beynəlxalq sazişlərlə təsdiqlənməyib.
“Gürcüstanla dövlət sərhədinin delimitasiyası 91% tamamlanıb. Lakin 2008-ci ildən Gürcüstanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyi ilə bağlı mövqeyinə görə bu iş dayandırılıb”.
Komandan qeyd edib ki, Rusiyanın heç bir qonşu dövlətə ərazi iddiası yoxdur.