Latviya Milli Opera Teatrının səhnəsində dahi Avstriya bəstəkarı Volfqanq Amadey Mosartın möhtəşəm səhnə əsəri “Don Juan” ifa olunub.
Azpost.info bildirir ki, anşlaqla keçən tamaşa böyük uğurla nümayiş edilib. Tamaşanı idarə etmək üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti Əyyub Quliyev Latviyaya dəvət olunub.
Qeyd edək ki, bu, Latviya Milli Opera Teatrının azərbaycanlı dirijorla ikinci müştərək layihəsidir . 2022-ci ilin noyabr ayında Əyyub Quliyevin dirijorluğu ilə C. Verdinin “Traviata” operası repertuarın ən müzakirə olunan mədəni hadisəsinı çevrilmişdi.
Latviya Operasında təqdim olunan “Don Juan” operası tam şəkildə təqdim edilərək 4 saata yaxın davam edib. Tamaşada əsas rolları ifa edən Latviya Milli Opera Teatrının aparıcı solistləri Yanis Apeynis (Don Juan), İnqa Slubobska (Don Elvira), Tatyana Trenoqina (Donna Anna), Rihard Maçanovskis (Leporello), Daynis Kalçans (Don Ottavio), Marlena Keyne (Zerlina), Daniil Kuzmin (Mazetto) və Edqars Osleya (Komandor) yerli dinlıyicilər tərəfindən ayaqüstə alqışlarla qarşılanıb.
Qonaqlar sırasında Azərbaycanın Latviyada Fövqəladə və Səlahiyyətli səfiri Elnur Sultanov, Latviyanın tanınmış ictimai və mədəniyyət xadimləri olub.