Kiminlə danışırsan, hamı eyni şeyi deyir: “Çox məşğulam”, “Vaxtım yoxdur”, “Başımı qaşımağa imkan tapmıram“. Qəribədir ki, paltaryuyan maşınların, robot süpürgələrin, onlayn çatdırılmanın həyatımızı bu qədər asanlaşdırdığı bir dövrdə vaxtımız niyə hamıdan azdır?
Azpost.info-nun məlumatına görə, sosioloqlar bunu müasir cəmiyyətin yeni xəstəliyi adlandırırlar: “Məşğulluq İllüziyası”.
Keçmiş əsrlərdə “aristokratlıq” və yüksək status heç nə etməmək, boş vaxtın çox olması ilə ölçülürdü. İndi isə tərsinədir. Müasir kapitalist dünyasında insanın boş vaxtının olması onun “tələb olunmayan”, “uğursuz” biri olması kimi qəbul edilir. Bu səbəbdən insanlar şüuraltı olaraq özlərini davamlı məşğul göstərməyə, hər şeyə qaçmağa çalışırlar.
Biz artıq sadəcə işləmirik, biz “məşğul olmağın” özünü bir mədəniyyət, status simvolu kimi istehlak edirik. Sosial şəbəkələrdə gecə saat 12-də ofisdən kompüter şəkli paylaşıb “iş bitmir” yazmaq gənclər arasında gizli bir fəxr obyektinə çevrilib.
Rəqəmsal dağınıqlıq və vaxtın Oğurlanması
Real mənzərədə isə biz məşğul deyilik, sadəcə diqqətimiz dağınıqdır. Gün ərzində 4 saat işləyib, 3 saat tətbiqlər arasında məqsədsiz şəkildə gəzişirik. Sonda isə beyin eyni dərəcədə yorulur və bizə elə gəlir ki, bütün günü işləmişik.
Bu “vaxtsızlıq” bizi ən yaxın dostlarımızdan, ailəmizdən və real həyatdan qoparır. Səhər işə gedərkən ətrafınıza baxın: hamı tələsir, hamı gərgindir. Amma heç kim hara və nə üçün tələsdiyinin fərqində deyil. Bəlkə də, həyatın ritmini bir az zəiflətməyin, “yox” deməyi öyrənməyin və sadəcə boş qalmağın ləzzətini xatırlamağın vaxtıdır.
Sunay