Yay aylarında kondisioner avtomobilin ən vacib funksiyalarından birinə çevrilir. Lakin bir çox sürücü bilmədən həm yanacaq sərfiyyatını artırır, həm də kondisionerin ömrünü qısaldır.
Azpost.info bildirir ki, avtomobil istehsalçıları və servis mütəxəssisləri ən çox rast gəlinən səhvləri açıqlayıblar.
Birinci səhv – Maşına minən kimi kondisioneri maksimum rejimdə işə salmaq
Günəş altında qalan avtomobilin salonunda temperatur 60 dərəcəyə qədər yüksələ bilər. Belə halda əvvəlcə pəncərələri 1-2 dəqiqə açmaq daha məqsədəuyğundur.
İkinci səhv – Daim daxili hava dövriyyəsindən istifadə etmək
Bu rejim qısa müddətdə salonu soyutsa da, uzun müddət istifadə edildikdə karbon qazının artmasına və yuxululuğa səbəb ola bilər.
Üçüncü səhv – Kondisioneri yalnız yayda işlətmək
Mütəxəssislər bildirirlər ki, qışda da ayda bir neçə dəfə kondisioneri 10 dəqiqə işlətmək kompressorun yağlanmasına kömək edir.
Dördüncü səhv – Filtri dəyişməmək
Tozla dolu salon filtri həm havanın keyfiyyətini aşağı salır, həm də sistemin yükünü artırır.
Beşinci səhv – Mühərrik yüksək dövriyyədə olarkən maksimum soyutma rejimi
Bu zaman yanacaq sərfiyyatı nəzərəçarpacaq dərəcədə artır.
Altıncı səhv – Səfər bitməzdən əvvəl kondisioneri söndürməmək
Servis ustaları avtomobili saxlamazdan 2-3 dəqiqə əvvəl kondisioneri söndürərək yalnız ventilyatoru işlətməyi məsləhət görürlər. Bu, buxarlandırıcının qurumasına və xoşagəlməz qoxuların yaranmamasına kömək edir.
Sadə qaydalara əməl etməklə həm yanacağa qənaət etmək, həm də kondisionerin xidmət müddətini uzatmaq mümkündür.