Dünya iqtisadiyyatında aparıcı rol oynayan xam neft bazarı hazırda olduqca həssas və kritik bir nöqtədən keçir. Uzun müddətdir davam edən geosiyasi risklərin qismən səngiməsi ilə ötən həftələrdə eniş trendinə girən neft qiymətləri, bu gün dəniz ticarət yollarında baş verən yeni insidentlərlə yenidən dalğalanmağa başlayıb.
İyulun 7-nə olan birja məlumatlarına görə, Londonun ICE birjasında “Brent” xam neftinin bir bareli 72.30 – 72.80 dollar diapazonunda, Nyu-Yorkun NYMEX birjasında isə WTI (Light) markalı neftin bir bareli 69 dollar ətrafında qərarlaşıb. Azərbaycanın əsas ixrac gəliri olan “Azeri Light” nefti isə ənənəvi olaraq Brent markasından bir neçə dollar baha – təxminən 75-76 dollar səviyyəsində ticarət olunur.
Bəs mövcud qiymət konyukturası dünya iqtisadiyyatına hansı təsirləri göstərir? Azərbaycan üçün bu mənzərə nə vəd edir?
Azpost.info iqtisadi təhlilində bu barədə araşdırma aparıb.
Qiymətləri təyin edən iki qüvvə: Geosiyasət və Çin faktoru
Hazırda neft bazarında “tərəzi rolunu” oynayan iki əsas fundamental amil var. Qiymətlərin kəskin düşməsinə və ya əksinə, sıçrayışına məhz bu faktorlar rəvac verir.
Hörmüz boğazında “tanker savaşı” təhlükəsi “Domokl qılıncı” kimi asılıb. Ötən günlərdə boğazın normal fəaliyyətinin bərpası qiymətləri aşağı çəksə də, son sutkada İran hərbi qüvvələrinin Qətərə məxsus iki nəhəng neft tankerinə silahlı hücum etməsi xəbəri bazarda riskləri yenidən artırıb. Tədarük zəncirinin qırılma qorxusu qiymətləri dərhal 0.5-0.8% bəndində yuxarı itələyib.
Qlobal tələb tərəfində isə dünyanın ən böyük neft idxalçısı olan Çin iqtisadiyyatının templəri izlənilir. Çində sənaye istehsalının artım dinamikası zəiflədikcə neftə olan qlobal tələb azalır, bu isə qiymətlərin 80 dollardan yuxarı qalxmasını məhdudlaşdıran əsas “əyləc” rolunu oynayır.
Hazırda neftin barrelinin 70-75 dollar arasında sabitləşməsi inkişaf etmiş Qərb ölkələri, xüsusən də ABŞ və Avropa İttifaqı üçün müsbət ssenaridir. Çünki neftin kəskin bahalaşmaması (məsələn, 90 dollardan aşağı qalması) yanacaq və logistika xərclərini aşağı saxlayır. Bu isə mərkəzi bankların (başda ABŞ Federal Ehtiyat Sistemi – FED olmaqla) inflyasiya üzərində qələbə çalmasını asanlaşdırır və faiz dərəcələrini aşağı salmağa imkan verir. Əgər Yaxın Şərqdəki böhran fonunda neft yenidən 85-90 dollara yüksələrsə, qlobal miqyasda inflyasiya yenidən alovlana bilər.
Azərbaycan iqtisadiyyatı və manat üçün nə dərəcədə təhlükəsizdir?
Bizi maraqlandıran ən əsas sual isə milli valyutamızın perspektividir. Neftin 72-75 dollar səviyyəsində olması manatın taleyinə necə təsir edir?
İqtisadi baxımdan indiki qiymətlər Azərbaycan üçün tamamilə təhlükəsiz və komfortlu zonadır. Bunun bir neçə fundamental səbəbi var.
İlk olaraq qeyd edək ki, büdcə riski yoxdur. Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin baza qiyməti kifayət qədər mühafizəkar məbləğdən – 70 dollardan götürülüb. Hazırkı real qiymət (xüsusən “Azeri Light”ın 75 dollardan yuxarı olması) büdcədə profisitə və Dövlət Neft Fondunun (ARDNF) ehtiyatlarının böyüməsinə xidmət edir.
Məzənnə sabitliyi mühüm indikatordur. Ölkəyə daxil olan valyuta axını idxal tələbini tam ödəyir. Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında dollar tap qıtlığı yaranmır. Bu o deməkdir ki, neft bu səviyyələrdə qaldıqca dollar-manat rəsmi məzənnəsinin (1.7000) dəyişməsi üçün heç bir iqtisadi təzyiq yoxdur.
Valyuta bolluğu banklarda dollar likvidliyini yüksək saxlayır. Bu isə öz növbəsində manatla olan depozitlərin cəlbediciliyini qoruyur və kredit faizlərində kəskin sıçrayışların qarşısını alır.
Hazırda neft bazarı barıt çəlləyinin üzərində dayansa da, tələb və təklif tarazlığı qiymətləri qlobal iqtisadiyyat üçün “qızıl orta” sayılan 70-75 dollar zonasında saxlayır. Azərbaycan iqtisadiyyatı mövcud konyunkturadan maksimum yararlanır. Həm daxili makroiqtisadi sabitlik qorunur, həm də büdcə öhdəlikləri profisiflə icra olunur.
Yaxın aylarda qiymətlərin taleyini rəqəmsal və hərbi cəbhədə atılacaq kəskin geosiyasi addımlar həll edəcək.
Samir Abdulla