“Beynəlxalq hüquq faktiki olaraq fəaliyyətini dayandırıb” –ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, müasir beynəlxalq sistem dərin legitimlik və etimad böhranı yaşayır, beynəlxalq hüquq və beynəlxalq məhkəmələrin qərarları isə faktiki olaraq təsir gücünü itirib.

“Beynəlxalq hüquq, demək olar ki, fəaliyyətini dayandırıb. Beynəlxalq sazişlər, demək olar ki, qüvvəsini itirib. Beynəlxalq məhkəmələrin qərarları da lazımi qaydada icra olunmur”, – deyə Ərdoğan cümə günü Beynəlxalq Ədalət Sammitində çıxışı zamanı bildirib.

Türkiyə liderinin sözlərinə görə, qayda və prinsiplərə əsaslandığı iddia edilən beynəlxalq sistemin əsas vəzifəsi qlobal sülhü və təhlükəsizliyi təmin etməkdir. Lakin ədalət olmadan bu məqsədə çatmaq mümkün deyil.

Ərdoğan qeyd edib ki, mövcud sistem təmsilçilik, funksionallıq və legitimlik baxımından ciddi zərər görüb, eyni zamanda etimadını və nüfuzunu itirib.

O, BMT-nin quruluşuna diqqət çəkərək bildirib ki, 190-dan çox dövlətin iradəsi faktiki olaraq BMT Təhlükəsizlik Şurasının veto hüququna malik beş daimi üzvünün qərarlarından asılıdır.

“Hamımız dərk edirik ki, BMT-yə üzv olan 190-dan çox ölkənin iradəsinin veto imtiyazına malik cəmi beş üzvün qərarlarından asılı olduğu struktur ədalətli və sağlam deyil”, – deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, mövcud beynəlxalq sistem ədalət prinsiplərinə cavab vermir və dayanıqlı hesab edilə bilməz.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.