ABŞ Britaniya imperiyası kimi dağılmaqdan qorxur –Tramp niyə qloballaşmaya qarşı çıxır? (TƏHLİL)

“ABŞ prezidenti Doanld Tramp BMT tribunasından bir daha qloballaşmaya qarşı olduğunu açıq bəyan edib. ABŞ prezidenti bu dəfə qloballaşma ilə milli inkişaf strategiyası yanaşması arasında tarazlıq yaratmağa çalışıb. Trampın bu açıqlaması onun komandasının dünyada qlobal proseslərə baxışları barədə bir daha fikirləri yəqinləşdirməyə imkan yaradır. Bir məqamı çox əminliklə vurğulamaq olar, Vaşinqton elitasının ən azı bir hissəsi indiki formada qloballaşmanı ABŞ-ın qüdrətinə təhdid kimi qiymətləndirirlər”.

 Azpost.info bildirir ki, bu sözləri politoloq Zaur İbrahimli ABŞ prezidentinin BMT-dəki çıxışını şərh edərkən bildirib.

Onun sözlərinə görə, ABŞ-da elitanın bir hissəsi hesab edir ki, İkinci Dünya Müharibəsindən sona məhz Amerikanın rəhbərliyi ilə irəli aparılan qloballaşma daha çox Vaşinqtonun rəqiblərinə imkanlar açır. Qloballaşmadan daha çox rəqib ölkələr faydalanır.

“Ekspertlər bunu qloballaşmanın birinci dalğasında (19-cu əsr) dünya liderinə çevrilən Böyük Britaniyanın üzləşdiyi vəziyyətlə müqayisə edirlər. Sənaye inqilabından sonra Böyük Britaniya şəksiz liderə çevrilərək, böyük kolonial imperiya yaratdı. Amma Birinci Dünya müharibəsindən sonra Böyük Britaniyanın qürubu başladı və qısa zaman kəsyində London artıq əvvəlki qüdrətini itirdi”.


Politoloqun fikrincə, qloballaşma çox böyük dəyişikliklər gətirdi. Dünya əhalsinin 10% başqa ölkələrə köçdü. 60 milyon insan Avropadan Şimali Amerika və digər ölkələrə miqrasiya etdi. Çin, Hindistandan milyonlarla insan Şri-Lanka, Birma, Tayland, Fillipin, Vyetnama köçdü. İxracdan əldə olunan gəlirlər ümumi gəlirlərin 80%-ni təşkil etdi: “Amma qlobllaşma dünyada rəqabəti də gücləndirirdi, müstəmləkəçilik, qeyri-bərabərlik görünməmiş həddə çatdı, Hindistan, Çin, Meksika, Yaponiya, Türkiyə kimi ölkələr inkişafdan geri qalırdı, onların tərəqqisi irəlidə olan dövlətlər tərəfindən tormozlanırdı. Qloballaşma liderli, xüsusən Britaniya, Almaniya, Fransa arasında çox böyük rəqabət və ziddiyyətlər vüsət almışdı”.

Z.İbrahimlinin fikrincə, bütün bunlar nəhayət Birinci Dünya və onun məntiqi davamı kimi İkinci Dünya Müharibəsiylə nəticələndi. SSRİ-nin süqutu qloballaşmanı daha da genişləndirdi və hazırda qloballaşmanın yeni dalğası – Rəqəmsal inqilab dövrü strat götürüb: “Bir çox ekspertlər qeyd edirlər ki, bir çox obyektiv səbəblərdən yeni dövrdə rəqəmsal inqilab indiyə qədər ikinci rolda olan ölkələr üçün yeni imkanlar açır. Qloballaşma prosesində müşahidə olunan digər tendensiyalar Çin, Hindistan kimi ölkələrə yeni imkanlar yaradır. Yaxud qloballaşma artıq onun əsasını qoyan ölkələrdən çox digər dövlətlərə fayda verir. Qlobal iqtisadiyyatda transmilli kampaniyaların rolunun artması, kapital və texnologiyaların artıq obrazlı ifadə etsək milli kimliyə o qədər də fərq qoymaması, iqtisadi proseslərin ölkələri bir-birinə sıx pərçimləməsi milli suverenliyə təhdidlər yaradıb və ABŞ-ı neoimperiya kimi manver azadlığından məhrum edib. ABŞ-ın əvvəlki illərdən fərqli olaraq sərbəst qərarlar vermək imkanları məhdudlaşıb. Bu qərarlara o qədər çox amil təsir etməyə başlayıb ki, Vaşinqton xeyli dərəcədə “müstəqilliyini” itirib”.
Ekspertin fikrincə bu baxımdan Trampın BMT tribunasından söylədiyi sözlər əslində bu fikirləri əks etdirir: “ABŞ-da elitanın bir hissəsi tarixin, Roma və Britaniya imperiyasının aqibətinin təkrarlanmasından ehtiyatlanırlar. Buna görə, hazırda əsas vəzifə kimi qloballaşma prosesinin ABŞ-ın maraqlarını nəzərə alaraq formatlanması nəzərdən keçirilir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vilayət Eyvazov polis rəisini və müavinini işdən çıxartdı –

Sonrakı məqalə

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nəqliyyat Mübadilə Mərkəzinin açılışına gəliblər