“ABŞ kəşfiyyatı Ukraynaya rus generallarını məhv etməkdə kömək edib” –“New York Times”

ABŞ kəşfiyyatı Ukraynaya rus generallarını məhv etməkdə kömək edib.

Azpost.info xəbər verir ki, bu barədə “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, ABŞ-ın Ukraynaya verdiyi kəşfiyyat məlumatlarından rus generallarının öldüyü komanda mərkəzlərinə zərbələr zamanı istifadə olunub: “Amerikalılar ukraynalıları daim yerlərini dəyişən Rusiya mobil komandanlıq məntəqələrinin geolokasiyası və digər detalları haqqında məlumatlandırıblar. Ukrayna bu məlumatları öz kəşfiyyatları ilə, o cümlədən Rusiya hərbçilərinin ələ keçirilən danışıqları ilə müqayisə edir və onların içərisində yüksək rütbəli zabitlərin olmasını müəyyən edəndə zərbələr endirir”.

Qəzetə danışan ABŞ yetkililəri qeyd ediblər ki, kəşfiyyat agentlikləri Rusiya qoşunlarının Ukraynadakı hərəkətlərini izləmək üçün həm hərbi, həm də kommersiya peyklərinin məlumatlarından istifadə edir. Məqaləyə görə, digər NATO ölkələri də Ukraynadakı rus qoşunları ilə bağlı kəşfiyyat məlumatlarını Kiyevə ötürür.

Yetkililər “New York Times”a onu da bildiriblər ki, Rusiyanın Ukraynadakı qərargahına bütün uğurlu zərbələr ABŞ məlumatlarından istifadə edilməklə həyata keçirilməyib. Məsələn, aprelin 30-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimovun yerləşdiyi İzyumdakı komanda məntəqəsinin atəşə tutulması ABŞ kəşfiyyatının köməyi olmadan həyata keçirilib. Onların sözlərinə görə, ABŞ Rusiya rəhbərliyinin ən yüksək rütbəli nümayəndələrinə dair kəşfiyyat məlumatı vermir.

Ukrayna tərəfinin hesablamalarına görə, müharibə başlayandan bəri 12 yüksək rütbəli rus zabiti cəbhədə həlak olub. Rusiya ordu komandirinin iki müavini – general-mayor Andrey Suxovetski və general-mayor Vladimir Frolovun ölümünü rəsmən təsdiqləyib. “Rus generalları danışıqlar üçün mobil telefonlar və qorunmayan radiostansiyalardan istifadə edərək, özləri öz yerlərinin bilinməsinə kömək edirlər. ABŞ ordusunun Avropadakı keçmiş komandanı, istefada olan general Frederik Benjamin Hodces bildirir ki, bu, zəif nizam-intizamın, təcrübənin olmamasının, lovğalığın və ukraynalıların imkanlarının qiymətləndirilməməsinin sübutudur”, – qəzet yazır.

Azpost.info

Əvvəlki məqalə

40 il əvvəl türk diplomatını öldürən ASALA terrorçusu İrəvanda saxlanılıb –

Sonrakı məqalə

İTV-nin baş direktorunun səlahiyyət müddəti bitib-