Ağdamda 59 kəhriz kompleksi var- Xüsusi nümayəndə

Hazırda işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərində dağıdılmış kəhrizlərə rast gəlinir. Təkcə Ağdamda 59 kəhriz kompleksi mövcuddur. Həmin kəhrizlər gələcək yaşayış məntəqələri üçün olduqca önəmli su mənbəyidir. Onların bərpası bərpa-quruculuq prosesində effektiv rol oyana bilər. Bərpa olunan kəndlərin dayanıqlı şəkildə ekologiyaya ziyan vurmadan suvarma suyu ilə təminatı, ərazilərdə mövcud müxtəlif çoxsaylı yataqlardan, geoloji ehtiyatlardan bərpa prosesində istifadə olunması, iqtisadi dövriyyəyə cəlb olunması önəmli məsələlərdəndir.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ağdamda quruculuq işlərində artıq yerli yataqlardan istifadə olunur: “Bərpa olunan kəndlərdə bu yataqlardan çıxarılan tikinti materialları – Ağdamın məşhur ağ daşı artıq istehsal olunaraq tikinti şirkətlərinə verilir. Tikinti layihələrində istifadə olunur. Bu ehtiyatların daha geniş və dayanıqlı istismarı layihələrin yüksək keyfiyyətli şəkildə icra olunmasına gətirib çıxaracaq, həm onların icra müddətini kifayət qədər qısaldacaq, həm də məsrəfləri azaldacaq, eyni zamanda quruculuq işlərini sürətləndirəcək.

Meydana çıxan digər məsələ söküntü materiallarının utilizasiyası ilə bağlıdır. Düşmən 30 il ərzində 8 şəhəri yerlə-yeksan edib. Ərazidə həyata keçirilən bərpa prosesləri zamanı çoxsaylı söküntü tullantıları yaranır, onların təkrar emal olunaraq layihələrə cəlb olunması, yenidən istifadə olunması, sıfır tullantı səviyyəsində layihələrin icra olunması olduqca vacibdir və bu, bütün işğaldan azad edilmiş ərazilərdə nəzərə alınır. Bu, gələcəkdə həmin bölgədə dayanıqlı və yaşıl iqtisadiyyatın formalaşmasına və yaşıl zona konsepsiyasının tam mənada həyata keçirilməsinə öz töhfəsini verəcək”.

Əvvəlki məqalə

Sülh müqaviləsi iki ölkə arasında münasibətlərin inkişafının əsasını yarada bilər

Sonrakı məqalə

Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək