Egey dənizində qədim yunan şairi Homerin əsərləri əsasında axtarış başlayıb.
Azpost.info “Mechanics” nəşrinə istinadən bildirir ki, tədqiqatçılar onun “İliada”sından olan ipuçlarını rəhbər tutaraq, dənizdə batmış çoxlu qədim gəmi aşkar ediblər.
Yunanıstan Milli Araşdırmalar Fondu Yunanıstan Mədəniyyət Nazirliyi ilə birlikdə Kasos adasının ətrafındakı sularda dörd araşdırma missiyası həyata keçirib. Onların məqsədi tarixi sənədlərdə, o cümlədən Homerin tarixi poemasında adı çəkilən batmış gəmiləri müəyyən etmək olub.
Nazirlikdən verilən məlumata görə, onlar müxtəlif tarixi dövrlərə aid 10 gəmi qəzası yerini aşkar ediblər.
Tədqiqatçılar batmış xəzinələr arasında qədim ticarət yollarından bəhs edən heyrətamiz artefaktlar tapıb: Təxminən eramızın 150-ci illərinə aid möhürlə həkk olunmuş İspan Dressel 20 amforası, zərif qab dəstləri, şüşələr. Roma dövrü, hətta arxaik dövrə aid daş lövbər tapılıb.