Alman jurnalist və yazıçı Hubert Zaypel Rusiya prezidenti Vladimir Putin haqqında kitablara görə 600 min avro alıb.
Azpost.info xəbər verir ki, bu, “The Guardian”, “Der Spiegel”, ZDF, “Secrets of Cyprus” da daxil olmaqla onlarla digər KİV-in birgə araşdırmasında üzə çıxıb.
Zaypelə bu məbləğ rusiyalı oliqarx Aleksey Mordaşova bağlı ofşor şirkətlərdən daxil olub.
Jurnalistlər məlum araşdırma çərçivəsində şirkətlərin qeydiyyatı və konsaltinq xidmətləri ilə məşğul olan 6 Kipr şirkətinin 3,6 milyon sənədini araşdırıblar.
Araşdırma zamanı əldə edilən məlumata görə, 2018-ci ildə Zaypel sponsorluq müqaviləsi bağlayıb və ona “Putinin hakimiyyəti” adlı kitabına görə ona ən azı 600 min avro vəd edilib.
Müəllifin “Avropanın Rusiyaya niyə ehtiyacı var?” kitabı 2021-ci ildə nəşr edilib. Bundan başqa, onun “Putinin bioqrafiyası”, “Putin. Gücün məntiqi” kitabları da işıq üzü görüb.
Zaypelin sponsoru Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş və Aleksey Mordaşovun nəzarətində olan “Power Machines” ASC-nin direktoru İqor Voskresenskiyə məxsus “De Vere Worldwide Corporation” olub. Jurnalistə ödənişlər ofşor şirkətlərdən gəlib.
Zaypel pul aldığını etiraf edərək işində müstəqil qaldığını deyib: “Mən həmişə dəqiq hüquqi sərhədlər qoyuram”.
Onun sözlərinə görə, müqavilədə kitabın məzmunu ilə bağlı sponsor qarşısında heç bir öhdəliyin olmadığını bildirən bənd var. Yazıçı bu pulun sırf onun ədəbi layihələrini dəstəkləmək üçün istifadə olunduğunu iddia edib.
Bir neçə ay əvvəl Avstriya televiziyasında çıxış edən Zaypel 2022-ci ilin sentyabrında Putinlə görüşəcəyini və yeni kitab üzərində işləyəcəyini açıqlamışdı.
Azpost.info