AMEA-da kadr hazırlığı təhsilin magistratura pilləsi, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə həyata keçirilir. AMEA-da magistratura ölkə başçısının Fərmanı ilə 2015-ci ildə yaradılıb və bu günədək ümumilikdə 749 plan yeri ayrılıb. Bu plan yerlərinə 649 nəfər qəbul olunub və 90 faiz yerlər dolub.
Bunu AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri dosent Hüseyn Hüseynov Akademiyanın Ümumi yığıncağında “AMEA-da elmi kadrların hazırlanması: mövcud vəziyyət və vəzifələr” mövzusunda məruzəsində bildirib.
Onun sözlərinə görə, AMEA-da bu günədək magistratura pilləsi üzrə ümumi 377 nəfər məzun olub və onlardan 179 nəfəri Akademiyada qalaraq öz elmi fəaliyyətlərini davam etdirir: “Bu göstərici məzunların təxminən 50 faizi deməkdir. Buradan da göründüyü kimi, Akademiyada gəncləşmə siyasətində magistraturanın çox böyük rolu var. Akademiyaya qəbul ən çox Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsində (FRTEB) qeydə alınıb. Bu bölmə üzrə qəbul sayı 220 nəfər, Biologiya və Tibb Elmləri Bölməsi (BTEB) üzrə 152 nəfər, Kimya Elmləri Bölməsi (KEB) üzrə 105 nəfər, Yer Elmləri Bölməsi (YEB) üzrə 74 nəfər, İctimai Elmlər Bölməsi (İEB) üzrə 54, Humanitar Elmlər Bölməsi (HEB) üzrə isə 44 nəfər olub. Akademiyada qalıb elmi fəaliyyətini davam etdirənlər üçün isə bu mənzərə tam fərqlidir. Məsələn, KEB-də 60 nəfər, BTEB-də 47 nəfər, FRTEB-də 43 nəfər, YEB-də 17 nəfər, İEB-də 7 nəfər, HEB-də isə 5 nəfərdir”.