Avropa Parlamenti mütləq səs çoxluğu ilə (577 lehinə, 33 əleyhinə) Gürcüstanın eks-prezident Mixail Saakaşvili ilə bağlı qətnamə qəbul edib.
Azpost.info xəbər verir ki, Avropa Parlamenti cinayət işinin təfərrüatlarına varmadan, Gürcüstan hökumətindən Mixail Saakaşvilini azad etməyi tələb edib.
Avropalı deputatlar Gürcüstan hakimiyyətinə keçmiş prezidentin sağlamlığının və rifahının təmin edilməsinə cavabdeh olduğunu xatırladıb və prezident Salome Zurabişvilini konstitusion hüququndan istifadə edib Saakaşvilini əfv etməyə çağırıb.
Qətnamədə Avropa Komissiyasına, eləcə də Avropa Şurasına hakim “Gürcü Arzusu” partiyasının təsisçisi, milyarder Bidzina İvanişviliyə qarşı maliyyə və digər sanksiyaların tətbiqi məsələsinə baxmaq tövsiyə olunur. Eyni zamanda İvanaşvilinin Mixail Saakaşvilinin həbsində fundamental rolunun olduğu vurğulanır.
“Qətnamə bir daha Avropa Şurasını və demokratik tərəfdaşları Gürcüstanda demokratik prosesin pisləşməsində mühüm roluna görə İvanişviliyə qarşı şəxsi sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə çağırır”, – sənəddə deyilir.
Azpost.info