18 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri cənab Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Komissiyasının 14-cü iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasına səfər edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, səfər çərçivəsində cənab Ş. Mustafayev İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd, yol və şəhərsalma naziri Məhəmməd Eslami və energetika naziri Rza Ərdəkanian ilə görüşüb danışıqlar aparıb.
Energetika Nazirliyində keçirilən görüşdə ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunmuş, icrada olan layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılmışdır. Azərbaycan-İran-Rusiya enerji sistemlərinin sinxronlaşdırılması və Azərbaycan-İran-Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri müzakirə edilib. Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün icra olunan layihələrin əhəmiyyəti vurğulanıb. “Ordubad” və “Marazad” su elektrik stansiyaları ilə bağlı məsələlər üzrə razılıq əldə olunub, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması üçün atılacaq növbəti addımlar müzakirə edilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini Şahin Mustafayev görüşlər zamanı Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi, həmin ərazilərdə törədilmiş erməni vəhşiliyi, xüsusilə dini abidələrin dağıdılması və təhqir olunması ilə bağlı ətraflı məlumat vermiş, azad olunmuş ərazilərin tezliklə və tam bərpa ediləcəyini bildirib.