“Azərbaycanda 16 milyon dozaya qədər peyvənd vurulmalıdır” –Səhiyyə Nazirliyinin baş infeksionisti

“Azərbaycanda təxminən 16 milyon dozaya qədər peyvənd vurulmalıdır. Bir şəxsin iki dəfə peyvənd olunmasını əsas götürsək, 80 faizinin vaksinlənməsi üçün 16 milyon peyvənd lazımdır. Ölkəmizdə bir milyondan çox vaksin vurulub. 500 minə qədər insan hər iki dozanı qəbul etsə də bu kifayət deyil. Proses daha sürətlə aparılır. İlk günlərlə müqayisədə peyvənd olunanların gündəlik sayında artım var”.

Azpost.info bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, insanlar etibar edərək vaksinasiyaya könüllü qoşulurlar: “Peyvəndin infeksion prosesi tormozlaması yalnız böyük kütlənin hər iki dozanı qəbul etməsindən sonra baş verə bilər. Bu göstəriciyə hələ çatmamışıq. Ona görə də pandemiyanın əvvəllərindən dönə-dönə qeyd edilən standart qorunma vasitələrinə əməl olunmalıdır”.

Baş infeksionistin sözlərinə görə, vaksinasiya olunmuş şəxs bilməlidir ki, ikinci dozanı aldıqdan bir müddət sonra onun qanında qoruyucu titrlər əmələ gəlir: “Bu müddət fərqlidir, iki həftə də, ondan uzun vaxt da ola bilər. İkincisi, immun sistem fərdi reaksiya verir. Yaşlılarda immun sistem zəif olduğuna görə, immunitetin əmələ gəlməsi gecikə bilər. Peyvənd bizi 100 faiz qorumur. Elə insanlar var ki, peyvənd olunsalar belə bu həssaslıq saxlanılır. Belə bir ehtimal var ki, mutasiya olunmuş variantlar qandakı anticisimlərdən yayına bilərlər”.

T.Eyvazovun sözlərinə görə, hər kəsin öz həyatını pandemiyanın əvvəllərindən deyildiyi kimi maska geyinmək, gigiyena qaydalarına əməl etmək, məsafə saxlamaqla davam etdirməsi tövsiyə olunur: “Peyvənd olunsaq da hər ehtimala qarşı deyilənlərə əməl etməyimiz məsləhət görülür. Belə olan halda bir tərəfdən peyvəndin yaratdığı immunitet, digər yandan isə qorunma tədbirləri yoluxmanı minimallaşdırmağa səbəb ola bilər. Heç kəs arxayınlaşmamalıdır. O zaman rahat olacağıq ki, yoluxma hallarının sayı kəskin azalacaq və epidemik proses qırılacaq. Buna hələ vaxt var. Bunun üçün əhalinin böyük əksəriyyəti peyvənd olunmalıdır”.

T.Eyvazov bariz nümunə kimi İsraili misal çəkib: “Əhalisinin sayı 9.5 milyona yaxın olan İsraildə indiyədək koronavirusa yoluxma sayı 1 milyondan bir qədər azdır. Hazırda yoluxma sayı 100-200 ətrafında dəyişir. Çünki əhalinin yarıdan çoxu hər iki dozanı alıb. Yaxın gələcəkdə belə ölkələrin sayı çoxalacaq və kütləvi peyvəndləmənin effektini həmin nümunələrdə görəcəyik. Hazırda peyvəndləmə prosesində iştiraka tərəddüd edən, aktiv olmayanlar ölkələrin timsalında vaksinin effektini gördükdən sonra tibb məntəqələrinə üz tutacaqlar və peyvəndləmənin sürəti bir qədər də artacaq. O zaman biz də istənilən nəticəni əldə edə biləcəyik”.

Onun sözlərinə görə, yeni növ koronavirus (COVID-19) infeksiyaya qarşı effektiv bir vasitə, antiviral preparat yoxdur. Belə situasiyada təbii ki, vaksinasiya önəmlidir. Ancaq vaksinasiya o vaxt effektiv olacaq ki, əhalinin böyük əksəriyyəti əhatə olunsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda parkda abadlıq işlərinə 5 milyon manat ayrılıb

Sonrakı məqalə

Seçki sisteminə dəyişikliklər olacaq, proprsional qaydanın bərpası gözlənilir –