Özbəkistan şirkətinin iştirakı ilə Hacıqabulda avtomobil zavodu inşa olunur.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov ASK-ın prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib. Aşrafxanov sözlərinə görə, zavodda “General Motors”” şirkəti ilə birlikdə avtomobillərin istehsalı planlaşdırır.
Səfir həmçinin Ələt iqtisadi zonasında Özbəkistan və Azərbaycan sahibkarlarının müəssisələrinin tekstil, ərzaq, dərman istehsalı sahəsində birgə müəssisələr yarada biləcəyini bildirib.
Azərbaycanda yetişdirilən fındıq, nar sortlarına Özbəkistanda böyük maraq olduğunu vurğulayan B. Aşrafxanov bununla bağlı regionlara səfər etdiyini qeyd edib. O, Bakını Özbəkistana gedən tranzit yüklər üçün mərkəz funksiyası daşımasını arzuladığını bildirərək bununla bağlı konkret işlər görüldüyünü söyləyib.
Xatırladaq ki, ötən ilin fevral ayında Hacıqabul Sənaye Məhəlləsində yeni avtomobil zavodunun əsası qoyulub. Zavodda “QAZ” markalı yüngül tonnajlı yük maşınları yığılır.