Azərbaycanda uşaq və yeniyetmələr arasında piylənmə artır –

Səhiyyə Nazirliyi
15 Aprel 2021 - 15:33

“Son 20 ildə ölkədə uşaq və yeniyetmələr arasında çəki artımı, piylənmənin artdığı müşahidə olunur”.

Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova “Uşaqlarda erkən inkişaf ” mövzusunda çıxışında deyib.

O bildirib ki, buna birinci səbəb “fastfood” restoranları və qərb mətbəxinin ölkəyə daxil olmasıdır: “İkinci səbəb müasir texnologiyaların həyatımıza girişidir. 2019-cu ildə ilkin dispanser qeydiyyatına 1234 nəfər alınıb, onlardan 667 nəfəri 0-17 yaşlı uşaqlardır. Ümumilikdə qeydiyyatda olan 5 591 nəfərdən 1 291-i 0-17 yaşlı uşaqlar olub. Tendensiya artmağa doğru gedir”.

A. Zeynalova qeyd edib ki, piylənmə bir çox xəstəliklərə səbəb olur: “Artıq çəkidən əziyyət çəkən insanlarda şəkərli diabetə rast gəlinir. 2020-ci ildə 287 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb. Diabet xəstələrindən 1 957 nəfəri 0-17 yaşına qədər uşaqlardır”.