Azərbaycanda kənd təsərrüfatı məhsulları 90 faiz ucuzlaşacaq –AÇIQLAMA

Azərbaycanda ciddi meyvə tərəvəz bolluğu gözlənir. Bolluq da öz növbəsində qiymətləri əhəmiyyətli dərəcədə ucuzlaşdırcaq. Hətta ölkədə bəzi tərəvəzlərin 80-90% ucuzlaşacağı bildirilir.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, koronavirus pandemiyası səbəbindən xaricə ixracın dayanması, eyni zamanda ölkə daxilində xidmət sektoru olan şadlıq sarayları və restoranların işinə fasilə verməsi, kənd təsərrüfatı bazarında məhsulların ciddi ucuzlaşmasına səbəb olacaq.

“Belə bir qayda formalaşıb ki, ölkədə kənd təsərrüfatı məhsullarının həmişə ən yaxşısını xidmət sektoru almağa çalışıb. Nəticədə də restoranlar kənd təsərrüfatı məhsullarının qiymətinə müəyyən qədər pressinq etmiş olurdular. İxrac və xidmət sektorunun dayanması nəticəsində bütün kənd təsərrüfatı malları daxili bazara yönəlib. Bu mövsümdə ölkədə istehsal olunan 30-dan çox kənd təsərrüfatı məhsulu daxili bazara yönələcək. Ölkəmizdə də emal potensialı elə də yüksək olmadığından bu məhsulları emala yönəltmək mümkün olmayacaq. Cüzi bir hissə emala istiqamətlənəcək. Böyük hissə isə əhalinin istehlakına yönələcək. Aprel ayının 2-ci ongünlüyündən faraş tərəvəzçilik tam yetişəcək. Ölkəmizdə yetişən kartof, pomidor, soğan, kələm və digər bu kimi tərəvəzlərin qiyməti ciddi ucuzlaşacaq”, – mütəxəssis bildirib.

Nicat Nəsirlinin sözlərinə görə, ötən il pandemiyanın olmadığı dövrdə də meyvə-tərəvəz ucuz idi: “Ümumiyyətlə, ölkəmizdə aprel ayının sonundan kənd təsərrüfatı məhsullarının ucuzlaşması başlayır və oktyabr ayının əvvəllərinə kimi davam edir. Oktyabra qədər kənd təsərrüfatı bazarında stabilləşmə yaranır. Həmçinin qeyd edilən dövrdə insanların qidalanma strukturu da dəyişir. İnsanlar qırmızı ətdən imtina edirlər və daha çox meyvə-tərəvəzə üz tuturlar. Pandemiyanın olub-olmamasından asılı olmayaraq bu hadisə bu il də olacaq”.

“Kartof 10-15 qəpiyə satılacaq”

Nicat Nəsirlinin sözlərinə görə, əsas ucuzlaşma kartof və pomidorun qiymətində olacaq: “Keçən il faraş kartofun sahələrdə topdan satış qiyməti 10-15 qəpiyə idi. Bu zaman həmin kartof bazarda topdan satış yerlərində kiloqramı 23-25 qəpiyə satılırdısa, indi kartofun kiloqramı bazardakı topdan satışlarda 10-15 qəpiyə təklif olunacaq. Aprel ayında kütləvi şəkildə kartof yetişməyə başlayır. 4-5 rayonda 300 min hektardan çox faraş kartof yetişdirilir. Ona görə, kartofda müəyyən gərginlik ola bilər.

Həmçinin pomidorun qiymətində də ciddi enmə gözlənilir. Əsasən pomidor may ayının əvvəllərində yetişir. Emaldan keçməyən məhsullar avtomatik ucuzlaşacaq. Həmçinin sosial izolyasiya olduğundan, insanların bazara kütləvi axını da azalıb. Hətta ucuzlaşan məhsulu belə, alan olmayacaq. Çölə çıxmayan insan yeni çıxan məhsuldan da gec xəbər tutacaq. Ötənilki qiymətlərlə müqayisədə tərəvəz 80-90% ucuzlaşacaq. Bu il qış o qədər də əlverişli keçməyib. Amma ilkin yaz dövründə çox əlverişli iqlim formalaşıb ki, bu da xüsusən də tərəvəzçilik üçün əlverişlidir”

“Meyvəçilik ciddi ziyan görməyəcək”

Eskpertin sözlərinə görə, Azərbaycanda ilkin tez yetişən tumlu meyvələrdir: “Bunlar gilas, şaftalı və s.-dir. Bu meyvələr tez satılır. Belə meyvələrə nəinki Azərbaycanda, bütün dünyada tələbat böyükdür. İlkin yaz dövrü əlverişsiz iqlim olduğu üçün bu məhsullardan həmişə az olur. Odur ki, meyvəçilikdə ciddi itki olmayacaq. Çünki meyvələr ardıcıl yetişir. Əsas itkilər tərəvəzçilikdə olacaq”. (Mediapost)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Bir gündə 9959 sürücü karantin rejimini pozub –