Azərbaycanın opera müğənniləri Tiflisdə festivalda çıxış edib-FOTO

Noyabrın  10-dan 30-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi ilə IX Beynəlxalq Barokko Musiqisi Festivalı keçirilir.

Azpost.info bildirir ki, Şota Rustaveli adına Dövlət Dram Teatrında gerçəkləşən festivalın konsertlərində iştirak etmək üçün barokko musiqisi sahəsində çalışan tanınmış mütəxəssislər, ifaçılar – instrumental, vokal və dirijorluq sahəsinin nümayəndələri dəvət olunub. Dünyanın müxtəlif ölkələrindən Gürcüstana dəvət olunan Serjio Azolini, Kristina Buş, Korneliy fon Kersenbrok, Yorq Xalubek kimi seçilən musiqiçilərin təqdimatında barokko janrında yazıb yaratmış dünya bəstəkarlarının əsərləri təqdim edilib.

Qeyd etmək lazımdır ki, Tbilisidə hər il keçirilən Barokko Festivalının əsas təşəbbüskarı və daimi iştirakçısı “Georgian Sinfonietta” adı ilə məşhur olan Gürcüstan Dövlət Kamera Orkestridir. Bu kollektiv azərbaycanlı dinləyicilərə 2022-ci ilin aprelin Bakıda keçirilən I Barokko Musiqi Festivalındakı möhtəşəm çıxışı ilə tanışdır. Bu ilki Tbilisi Beynəlxalq Barokko musiqi festivalının proqramında qonaq qismində iştirak edən Azərbaycanın ifaçıları da öz imzalarını uğurla atıblar.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin rəhbərliyi ilə “Georgian Sinfonietta” orkestri geniş və mürəkkəb proqramı qısa müddətdə hazırlayaraq dinləyicilərə təqdim edib. 15 noyabrda gerçəkləşən “Opera Gala” adı altında keçirilən konsertdə Azərbaycanın tanınmış opera müğənniləri, Respublikanın əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərov (kontrtenor) solist qismində böyük uğurla çıxış ediblər.

Azərbaycanlı müğənnilərin ifasında səslənən barokko bəstəkarları G. Hendel, K. Monteverdi, N.Porpora, R. Broski, G. Persellin əsərləri yerli dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb. Konsertin dinləyiciləri sırasında olan Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfərliyin əməkdaşları da musiqi proqramını izləyib.

Konsertin sonunda azərbaycanlı ifaçılar dinləyicilər və festivalın təşkilatçılarına təşəkkür nümunəsi olaraq xalq mahnımız “Sarı gəlini” ifa ediblər.

Azpost.info

 

Əvvəlki məqalə

İsrail Qəzzada atəşkəslə bağlı şərtini açıqlayıb

Sonrakı məqalə

Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı məlumat yayıb