Zərərlə işləyən bahalı AZAL –

Dövlət şirkətinin xərci qazancından niyə çoxdur? (RƏQƏMLƏR)
07 Avqust 2020 - 15:33

“Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Aviasiya Şirkəti 2017-ci ildə təsərrüfat fəaliyyətindən 41 milyon 568 min manat zərərə düşüb.

Azpost.info bildirir ki, bu barədə aviasiya şirkətinin maliyyə hesabatında deyilir. Hesabata audit rəyini 2020-ci ilin yanvarın 17-də Deloitte And Touche şirkəti verib.

2017-ci ildə AZAL sərnişin daşımalarından və s. xidmətlərdən 879,9 mln. manat əldə edib, bu da əvvəlki ildən 27,9% çoxdur. Bu zaman xidmətlərin maya dəyəri 883,1 mln. manat təşkil edib.

Hesabatda deyilir ki, 2017-ci ildə AZAL-ın əməliyyat gəlirləri 879,904 milyon manat (2016-cı illə müqayisədə 27,9% çox), əməliyyat xərcləri 883,184 milyon manat (25,05% çox), maliyyə xərcləri 91,636 milyon manat (33,2% çox), valyuta məzənnələrinin dəyişməsindən gəlirləri isə 53,348 milyon manat (2016-cı ildə zərər olub) təşkil edib.

2018-ci il yanvarın 1-nə AZAL-ın aktivləri 2 129,027 milyon manat olub ki, bu da bir il əvvələ nisbətən 1,2% azdır. Bunun 1 864,432 milyon manatı əmlak və avadanlıqlardır. Bu isə illik müqayisədə 1,4% çoxdur.

Hesabat dövründə aviaşirkətin öhdəlikləri 12,4% artaraq 2 634,027 milyon manata, balans kapitalının çatışmazlığı isə 2,7 dəfə artaraq 505 milyon manata çatıb.

Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Səhmləri 100% dövlətə məxsus aviaşirkətin nizamnamə kapitalı 823,974 milyon manatdır.