Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayıb –FOTOLAR

Noyabrın 10-da Nizami Kino Mərkəzində XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi baş tutub.

Azpost.info bildirir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyidir.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev festivalda yer alan filmlər haqqında məlumat verib. O bildirib ki, Azərbaycanın qazanmış olduğu zəfər çəkilən filmlərdə də öz əksini tapacaq:

“Həmişə düşünmüşəm ki, hər il bu festivalı keçirəndə bizim üçün daha rahat olacaq. Amma heç də belə deyilmiş. Hər il yenidən bu həyəcanı yaşayırıq. Bu gərginliyin içində bir qələbə mesajı gizlənir.  Azərbaycanın qazandığı böyük zəfər psixologiyamızda bir çox şeyləri dəyişir. Beləki, təkcə vətənpərvərlik mövzusunda yox, həm də müəllif kinosunda qələbənin təsirləri hiss olunur. Biz öz filmlərimizi dünyaya daha ürək açıqlığı ilə çıxara biləcəyik. Düşünürəm ki, bu gün burada olan hər bir şəxs bizi dəstəkləyir və kinonu sevir. İnanırıq ki,  bu festivalla kino sənayesinin inkişafına az da olsa, təkan vermiş olacağıq” – deyə Fehruz Şamıyev qeyd edib.

Kino Agentliyinin nümayəndəsi Rəşad Qasımov çıxışında Bakı Qısa Filmlər Festivalının Azərbaycanın ən uzunömürlü kino festivalı olmasını qeyd edib.

“Hər bir festival kino bayramıdır. Bu kino bayramı münasibətilə sizləri təbrik edirəm.  Artıq festivalın bir komandası, özünün auditoriyası var. Bu, böyük uğurdur. Mədəniyyət Nazirliyi bu festivalı dəstəkləyir, bundan sonra da dəstəkləyəcək. Bütün iştirakçılara uğurlar arzulayıram” – deyə o bildirib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld qısametrajlı filmlərin əhəmiyyətindən danışıb.

“Mən qısametrajlı filmləri çox sevirəm. Bu festivalda Britaniya filmlərinin nümayişini təşkil etdiyinə görə “British Council”-a minnətdaram. Dörd gözəl və müxtəlif Britaniya qısametrajlı filmləri bu festivalda görəcəyik.

Azərbaycan dilini öyrənərkən Azərbaycan filmlərinə baxmağı sevirdim. Ona görə də çıxışımı bu statla bitirmək istəyirəm. Bu kino ki, var çox qəliz məsələdir. Həm qəlizdir həm də ki, vacib” – səfir bildirib.

Festival çərçivəsində Azərbaycan kinosunun 125 illiyi münasibətilə “Azərbaycan kinematoqrafiyasında xidmətlərinə görə” Azərbaycan kinosunda peşəkar kadrların yetişdirilməsində göstərdiyi xidmətə görə Azərbaycan Film Fondunun direktoru, kinorejissor Cəmil Quliyev, dublyaj sahəsində xidmətlərinə görə Əməkdar artist Nəcibə Hüseynova, müəllif kinosunun inkişafındakı xidmətlərinə görə Əməkdar incəsənət xadimi, kinorejissor Elçin Musaoğlu “Qızıl nar” mükafatı ilə təltif edilib.

Beynəlxalq Qısa Filmlər Festivalının xarici və yerli müsabiqəsinin münsiflər heyətinin üzvləri- filmləri Rotterdam, “Kinoşok”, Karlovı-Varı kimi nüfuzlu kinofestivallarda mükafatlar qazanan Yavər Rzayev, Azərbaycan kinosunun ən məhsuldar təsvir rejissorlarından olan Nadir Mehdiyev, Azərbaycan nəsrinin tanınmış siması, yazıçı, ssenarist Şərif Ağayar,  Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri Elçin Şıxlı, tanınmış ssenarist, ssenari üzrə məsləhətçi Rulof Yan Minnebu, Baykonur Beynəlxalq Film Festivalının proqram direktoru, kinotənqidçi Ercan Cumabəyov, Moskva, Avrasiya, Varşava Film Festivallarının baş mükafatçısı, rejissor, prodüser Fərhad Şərifov çıxış edərək bütün kino sevərləri bu təntənəli açılış mərasimi münasibətilə təbrik ediblər.

Daha sonra festivala təqdim olunan yerli və xarici filmlərin kollajından ibarət videoçarxlar, eyni zamanda Britaniya Film və Televiziya Sənətləri Akademiyasının “Bafta” mükafatına, bu il ən yaxşı qısametrajlı bədii film nominasiyasında “Oskar” mükafatına da layiq görülmüş “İrlandsayağı vida” filmi təqdim olunub.

Əvvəlki məqalə

Mir Şahin “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib –

Sonrakı məqalə

ATƏT PA-nın Prezidenti, Baş katibi və xüsusi nümayəndəsi Bakıya gəlir