Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri açıqlandı –SİYAHI

XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.

Azpost.info bildirir ki, mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev festivalda nümayiş olunan filmlər haqqında danışıb. O bildirib ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyidir:

“Layihəyə verdikləri dəstəyə görə, Mədəniyyət Nazirliyinə, Kino Agentliyinə təşəkkür edirəm. Bizim Kino Agentliyinə ümidlərimiz çoxdur. İnanırıq ki, növbəti illərdə əməkdaşlığımız davam edəcək. Festivalı tanıdan yaxşı filmləri və peşəkar münsiflər heyətidir. Filmlərin seçilməsində münsiflər heyətinin böyük əməyi var. Buna görə münsiflər heyətinə təşəkkür edirəm.

Altı gün boyunca hər gün saat on birdən axşama kimi salonlarımız dolu olub. Düşünürəm ki, növbəti festival bundan da rəngarəng filmlərlə bol olacaq” – deyə o bildirib.

Mədəniyyət nazirinin müşaviri, ARKA sədrinin səlahiyyətlərini icra edən Orxan Fikrətoğlu festivala fəaliyyətində uğurlar arzulayıb və qalibləri təbrik edib.

“Fikir verdinizsə, festivalın qaliblər siyahısında “Şeytan” adlı film də var.  Biz şeytana belə mükafat verməyə hazırıq. Yetər ki, sənət olsun, sənət yaşasın. Bu gün burada ARKA işçilərindən  mükafat alanlar var. Düşünürəm ki, bu məqam ARKA-nın hansı tərkibdə formalaşması və fəaliyyətinə dair çox şey deyir.  Kinomatoqrafiya elə bir sahədir ki, burada müxtəlif baxış bucaqları mövcuddur. Biz Mədəniyyət Nazirliyi, Kino Agentliyi heç bir baxış bucağını redaktə etməkdə maraqlı deyilik. Qəbul olunmuş kino kriteriyaları çərçivəsində ərsəyə gələn ekran əsərlərinə dəstək olmaqda maraqlıyıq” – deyə Orxan Fikrətoğlu bildirib.

Daha sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.

Beynəlxalq müsabiqə

“Ən yaxşı animasiya” – “Fabuladakı canavar” animasiya filmi. Rejissorlar  Vuk Palibrk və Tanja Brzakovic. Serbiya.

“Ən yaxşı sənədli film” – “Qalina Petrovna” filmi. Rejissor Nikita Lovetski. Qırğızıstan.

“Ən yaxşı bədii film” – “Heç biri”. Rejissor Patrisio Martines və Fransisko Kanton. Argentina.

Yerli müsabiqə

“Ən yaxşı bədii film” – Salam İsa – Rejissor: Səməd Ağayev

“Ən yaxşı sənədli film” – Sabahın xeyir, Sübh anası – Rejissor: Kürçaylı Məmmədov

“Ən yaxşı rejissor” – Nəfəs – Rejissor: Elmar Bayramov

“Ən yaxşı ssenari” – Qütb ulduzu – Rejissor: Şirin Əhmədov

Sonda “Ən yaxşı bədii film” nominasiyası üzrə “Qızıl nar” mükafatı almış Səməd Ağayevin “Salam, İsa” filmi nümayiş olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əvvəlki məqalə

“Çin ABŞ-a meydan oxumaq və ya onu əvəz etmək niyyətində deyil”

Sonrakı məqalə

“Rusiya-ABŞ münasibətləri hər an kəsilə bilər”