Bakıda ata və oğlunun ölüm səbəbi məlum oldu –Qaz sızması ilə bağlı yeni detallar

Bakının Nəsimi rayonunda ata və oğlunun həyatını itirdiyi hadisə ilə bağlı yeni detallar ortaya çıxıb.

Hadisə 4-cü mikrorayon ərazisində, 20 Yanvar küçəsi 39 ünvanında yerləşən yaşayış binasının mənzillərindən birində baş verib. İlkin araşdırmalar zamanı 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin qazdan zəhərlənərək öldüyü müəyyən edilib.

Məlumata görə, faciəyə hamamda quraşdırılmış su qızdırıcısından (“pitiminutka”) yaranan qaz sızması səbəb olub.

Bildirilir ki, iyunun 7-nə keçən gecə ərazidə içməli suyun verilişində qısamüddətli fasilə yaranıb. Ailə üzvləri suyun nə vaxt veriləcəyini bilmək üçün hamamda su kranını açıq vəziyyətdə saxlayıblar. Su təchizatı bərpa edildikdən sonra su qızdırıcısı avtomatik işə düşüb.

İddialara görə, su təchizatındakı fasilələr nəticəsində qızdırıcıda nasazlıq yaranıb və mənzilə qaz sızmağa başlayıb.

Hadisə zamanı Əbülfəz Abıyev və oğlu Kamran hamamın yaxınlığındakı otaqda yatıblar. Onların qazdan zəhərlənərək həyatını itirdiyi bildirilir. Ailənin digər övladı Nurlan isə başqa otaqda olduğundan sağ qalıb.

Yaxınları iyunun 7-si saat 17:00 radələrində ailə üzvləri ilə əlaqə saxlaya bilmədikdən sonra mənzilə daxil olublar. Həmin vaxt ata və iki oğulun huşsuz vəziyyətdə olduğu aşkarlanıb.

Həmçinin qeyd olunur ki, Əbülfəz Abıyev allergiyadan əziyyət çəkdiyi üçün mənzilin pəncərələrini əsasən bağlı saxlayırmış.

Qeyd edək ki, Kamran Abıyev Nəsimi rayonu 247 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi olub. Əbülfəz Abıyev isə Avropa Azərbaycan Məktəbində müəllim kimi fəaliyyət göstərib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma davam etdirilir./ Qafqazinfo/

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.