Bakıda Yaradıcı İttifaqlar və Mədəniyyət Xadimlərinin I Qurultayı başlanıb

Dekabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Yaradıcı İttifaqların və Mədəniyyət Xadimlərinin birinci qurultayı işə başlayıb.

Görkəmli mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə cari il ərzində mədəniyyəti sahəsində qazanılan uğurlardan söhbət açılıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyanın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxış edərək bildiriblər ki, 2023-cü ilin Azərbaycan xalqının və dövlətinin tarixinə çox əlamətdar il kimi düşüb. Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib.

Qeyd edilib ki, 2023-cü il Azərbaycan üçün tarixi hadisələrdən biri ölkəmizin suverenliyinin bütün ərazimizdə bərqərar olmasıdır. Bu mühüm tarixi nailiyyət Ali Baş Komandan İlham Əliyevin ölçülmüş siyasəti və liderliyi sayəsində mümkün olub. Bu hadisənin məhz “Heydər Əliyev İli”ndə gerçəkləməsinin rəmzi mənası vardır. Çünki Ulu Öndər Heydər Əliyevin ən böyük arzuları işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Bu gün 30 ilə yaxın işğal altında qalan tarixi torpaqlarımıza həyat qayıdır, mədəni abidələrimiz bərpa olunur, qədim şəhərlərimizdə müxtəlif sahələr üzrə yerli və beynəlxalq tədbirlər keçirilir. Bir sözlə, əzəli-tarixi torparlarımız yenidən dirçəlir.

Natiqlər qeyd edib ki, təbii ki, bu istiqamətdə görülən işlərə töhfə vermək, əldə edilən uğurların davamlı olmasını təmin etmək məqsədilə mədəniyyət xadimlərimiz də birləşərək bütün səylərini səfərbər ediblər.

Vurğulanıb ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin fevralın 7-nə Azərbaycan Respublikası Prezidenti seçkiləri təyin olunub.

Natiqlər Prezident İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi üçün gördüyü işlərdən danışıblar, onun namizədliyinin dəstəklənməsinin zəruriliyini bildiriblər.

Tədbir tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam edib.

 

**

Bakıda Yaradıcı İttifaqlar və Mədəniyyət Xadimlərinin I Qurultayı keçirilir.

Qurultayda ölkədə fəaliyyət göstərən yaradıcı ittifaqların rəhbər və nümayəndələri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edir.

Əvvəlki məqalə

Zabitlərin hərbi xidmətdən tərxis olunma şərti dəyişir

Sonrakı məqalə

Su Polisi batan qayığda xilasetmə tədbirlərinə cəlb edilib –