Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda, eləcə də regionlardakı küçə və prospektlərdə sərnişinlərin ictimai nəqliyyatı rahat gözləmələrini təmin etmək məqsədilə yeni dayanacaq pavilyonlarının quraşdırılması işlərinin satınalınması üzrə tender elan edib.
Agentlik nəzərdə tutulan işlərin icrası müqabilində ümumilikdə 3 milyon 654 min 73 manat vəsaitin ödənilməsini planlaşdırır.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində aşağıdakı bölgü üzrə işlərin görülməsi nəzərdə tutulur:
– Bakı şəhəri və Xızı-Abşeron iqtisadi rayonu ərazisində 142
– Gəncə-Daşkəsən və Qazax zonası üzrə 10
– Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 8
– Quba-Xaçmaz və Dağlıq Şirvan bölgəsində 22
– Şəki-Zaqatala regionu ərazisində 10
– Lənkəran-Astara zonası üzrə 11
– Naxçıvan Muxtar Respublikası ərazisində 80
– Şirvan-Salyan və Mil-Muğan ərazilərində 6
– Mərkəzi Aran rayonları ərazisində isə 11 yeni dayanacağın yaradılması planlaşdırılır.
AYNA tenderin qalibi olacaq şirkətə 300 ədəd dayanacaq pavilyonunun quraşdırılmasına görə 3 milyon 654 min 73 manat 57 qəpik (ehtimal olunan qiymət) ödəməyi nəzərdə tutub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, əgər tender ehtimal olunan qiymət üzərindən baş tutarsa, bir ədəd dayanacaq pavilyonunun quraşdırılması orta hesabla 12 min 180 manata başa gələcək.