Bu günə qədər raket atəşi nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb –

RƏSMİ AÇIQLAMA
03 Noyabr 2020 - 12:40

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 3-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 91 nəfər həlak olub, 405 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2488 ev, 97 çoxmənzilli yaşayış binası və 461 mülki obyekt yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.