Böyük Britaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 55,1 faiz artaraq 1 milyard dollar təşkil edib. 2023-cü ilin ilk 10 ayında bu göstərici 734 milyon dollara çatıb.
Bu sözləri energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Azərbaycan – Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclasında deyib.
“Hesab edirəm ki, bu rəqəmlər bizim real potensialımızı demək olar ki, əks etdirmir və ticarət dövriyyəsinin həcmini artırmaq üçün geniş imkanlar var. Azərbaycan Prezidenti İlham Əliyevin qəti rəhbərliyi və aydın baxışı ilə ölkəmizdəki investisiya mühiti daim və davamlı şəkildə yaxşılaşır və xarici investorların marağına səbəb olur”, – deyə nazir diqqətə çatdırıb.
P.Şahbazov bildirib ki, Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində 662 Britaniya şirkəti fəaliyyət göstərir: “Bu sahədə təkmilləşdirmə üçün geniş imkanlar var və bununla bağlı Ələt Azad İqtisadi Zonasının təklif etdiyi imkanları xüsusi qeyd etmək istərdim”.