“Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir lövhə düzəltmişdilər, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb”.
Bunu Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirib.
Dövlət başçısı deyib ki, əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı apardığı etnik təmizləmənin təzahürü idi: “Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə çalışırdılar. Mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var, azərbaycanlılar isə şəxsi maşınlarını qoyub öz torpaqlarından çıxmışlar. Biz bunu unutmamışıq və bu lövhə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya qənimət kimi götürülüb. Müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın. Gün gələcək, biz bu nömrələri nümayiş etdirəcəyik. Və dekabrın 10-da keçirilmiş hərbi paradda bax, bu lövhə nümayiş etdirildi – Azadlıq meydanında. Bütün xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyi bir daha göstərildi və bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Burada sərgilənən yük maşınlarının nömrələri, sadəcə, götürülmüş texnikanın kiçik hissəsini təşkil edir. Düşmənin 522 yük maşını məhv edilib, qənimət kimi götürülüb və bura gələn hər bir insan, Azərbaycan vətəndaşı, ölkəmizin qonağı gələcək və bunu görəcək. Ermənilər də bunu görsünlər, görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur onlara verilən cavab. Qarabağ Azərbaycandır!”