COP29 ərəfəsində ən çox kiberhücuma məruz qalan saytlar- RƏSMİ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən davamlı kiberhücumlar müşahidə olunub. Bu kiberhücumların həcminə və sorğu sayına görə böyük əksəriyyəti “cop29.az” internet informasiya ehtiyatına yönəlib.

Bunu COP29 ərəfəsində Azərbaycanın internet resurslarına olan kiberhücumların sayı ilə bağlı sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Qeyd olunub ki, ümumilikdə tədbir dövründə XRİTDX tərəfindən 1,09 milyard sorğu qeydə alınıb.

“COP29 informasiya ehtiyatlarına yönəlmiş sorğuların 97 faizi kiberhücum məqsədli olduğuna görə XRİTDX tərəfindən dərhal bloklanması həyata keçirilib. Həmin dövr ərzində COP29 informasiya ehtiyatları ilə yanaşı digər dövlət qurumlarının informasiya sistemlərinə də kiberhücum cəhdləri müşahidə olunub.

Ən çox hücum “cop29.az” saytına və “gov.az” zonasının Adların Domen Sisteminə (Domain Name System) – DNS-lərinə müşahidə olunub. Eləcə də, XRİTDX-nin Data Mərkəzində yerləşən dövlət qurumlarına məxsus bir sıra serverlərə və “president.az” saytına çoxsaylı kiberhücumlar qeydə alınıb. Belə ki, “gov.az” zonası üçün domen sisteminə bu müddət ərzində 14,5 milyon ədəd fərqli IP-lərdən çoxsaylı sorğular göndərilərək, şəbəkə avadanlığının resurslarını istehlak edib, legitim trafikin emalında çətinlik yaradan kiberhücum (“DNS flood”) tipli kibersorğular qeydə alınıb. Eləcə də bir sıra dövlət saytlarına, o cümlədən “president.az” və digər hostinq sistemlərinin informasiya ehtiyatlarına 7,48 Gbps həcmli fərqli IP-lərdən irihəcmli paketləri göndərərək şəbəkə kanalını yükləməklə resursları əlçatmaz edən xüsusi hədəfləmiş kiberhücum (volumetrik DDOS hücumları) cəhdləri müşahidə olunub”, – deyə sorğuya cavabda bildirilib(azərtac).

Əvvəlki məqalə

ABŞ və Çin məhbus mübadiləsi aparıb

Sonrakı məqalə

Şeyxülislam Allahşükür Paşazadə BMT-nin Baş katibi ilə görüşüb