DİN AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı məlumat yayıb

10 İyun 2021 - 12:32

Daxili İşlər Nazirliyi (DİN) AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunları ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilir: “Paytaxt sakinlərinin, əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırırıq ki, Bakıda keçiriləcək AVRO-2020 oyunlarl ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Bakı Olimpiya Stadionu istiqamətində şəxsi avtomobillərdən istifadənin mümkünsüzlüyünü nəzərə alıb, bu istiqamətə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə edilməsi tövsiyə edilir.

Azarkeşlərin Bakı Olimpiya Stadionu istiqamətində hərəkəti müxtəlif ərazilərdən ayrılmış ictimai nəqliyyat vasitəsi ilə təşkil edilməsi nəzərdə tutulub. Eyni zamanda metronun “Koroğlu” stansiyasından azarkeşlər sərbəst piyada hərəkət edə bilər. Səməd Vurğun parkı yanından, metronun “Qara Qarayev” stansiyası ətrafından ayrılmış xüsusi avtobuslarla hərəkət təşkil ediləcək. Bakı Olimpiya Stadionu və onun ətrafı əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb”.

Qeyd olunub ki, təhlükəsizlik tədbirlərinin görülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.